EN

Kristiano Ronaldo: “Mənim üçün hər şey bitib”

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo 2022-ci ildə “Mançester Yunayted”dən ayrılması ilə bağlı fikrini bildirib.

Arena.az “The Guardian” nəşrinə istinadən, portuqal ulduzun bu barədə fikrini təqdim edir:

“Mən haqlı və ya haqsız olduğumu sübut etməyəcəyəm, bu, artıq mənim dərd-sərim deyil. Mən ancaq deməli olduğumu deyirəm. Mənim üçün hər şey bitib”, deyə Ronaldo vurğulayıb.

Xatırladaq ki, Kristiano Ronaldo 2003-2009-cu və 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Portuqal ulduz “qırmızı şeytanlara” dəfələrlə əsas klub yarışlarından kubokları öz qənimətlər muzeyinə daşıyıb-aparıb, həmçinin çoxsaylı fərdi mükafatlar qazanıb.

Kristiano Ronaldo məhz “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haqla fikir ayrılığı səbəbindən “Mançester Yunayted”i azad agent qismində tərk edərək, 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə keçmişdi.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
47
13
arena.az

10Sources