EN

Azərbaycanda yararsız məktəb binasında dərs keçirilir - FOTO

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xaçmaz rayonunda yerləşən İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb qəzalı vəziyyətdədir. Məktəbin hazırkı durumu valideynləri xeyli narahat edir.
Baku.ws-in məlumatına görə, binanın divarlarında geniş çatlar, qapı və pəncərələrin sınıq və yararsız olması burada təhsilin keyfiyyətini təhlükə altına alır.
Valideynlərin sözlərinə görə, məktəbin bu vəziyyətdə olması uşaqların təhlükəsizliyinə birbaşa təsir edir. Sinif otaqlarında qış aylarında istilik problemi yaşanır, yayda isə düzgün havalandırma olmadığından dərs keçmək çətinləşir.
Yerli sakinlər aidiyyəti qurumlardan məktəbin təcili təmir olunmasını və uşaqların təhlükəsiz və rahat təhsil alması üçün şəraitin yaradılmasını tələb edirlər.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdəki mövcud vəziyyətdən xəbərdardırlar:
"Xaçmaz rayonu İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəblə bağlı sorğunuza cavab olaraq bildiririk ki, məktəb binasının mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq və bununla bağlı aidiyyəti üzrə müvafiq qurumlar məlumatlandırılıb. Qeyd edək ki, məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".
O da qeyd olunub ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır:
"Ötən tədris ilində idarənin tabeliyində olan 62 məktəbdə cari təmir işləri aparılmış, həmçinin regionda 7 məktəb yeni tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Hazırda 20-dən çox ümumi təhsil müəssisəsində cari təmir işləri davam etdirilir. İdarənin tabeliyində olan 8 məktəb binası sökülərək yenidən tikilmişdir".
Chosen
111
3
oxu.az

10Sources