EN

Ortaq əlifbadan ortaq universitetə

IV məqalə

Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Yeni universitet strategiyasına keçid

Dünyada universitetlərin strategiyanı dəyişməli olduqları haqqında kifayət qədər araşdırmalar mövcuddur. Problemin mərkəzində bir vəzifə dayanır: müasir universitetlər təhsildə həm mənəvi-əxlaqi keyfiyyətləri, həm də peşəkar hazırlığı yüksək olan insanı yetişdirmək strategiyasını hazırlamalıdırlar. Son bir neçə əsrdə Qərbdə (xüsusilə, ABŞ-da) əsas diqqətin praktiki-tətbiqi aspektində yerinə yetirilməsi insan faktorunu arxa plana atmışdır. Yəni, başlıca olaraq, yüksək peşəkar kadrların hazırlanması müasir universitetlərin strategiyası kimi, tam uğurlu sayılmır. Sürətli elmi kəşflər olur, təhsil alanın intellekti sürətlə inkişaf edir, cəmiyyətdə innovasiyalar artır və s. Lakin bütövlükdə cəmiyyətin mədəni, mənəvi, əxlaqi, etik keyfiyyətlərində ciddi suallar da meydana gəlir.

Pol Feyerabend bunu bütövlükdə təhsilin fəlsəfəsində “insan yaradıcılığı” anlayışının düzgün dərk edilməməsi ilə əlaqələndirir. Bizcə, məsələ daha geniş və dərin qatlarda insanın fərdi və sosial-mədəni yaşam tərzinin özəllikləri ilə bağlıdır. Onun ən yaxşı fəlsəfi anlamı “sosial epistemologiya” adlanan dərketmə sistemində mövcuddur. Yəni insan sırf idraki aspektdə dərkedən olmaqla yanaşı, müasir cəmiyyətin sosial-mədəni, texniki, informasiya, texnoloji özəllikləri ilə əlaqəli “dərkedəndir”. Həmin bağlılıqda da insan yaradıcılığı mütləq toplumun mənəvi, mədəni, əxlaqi, etik faktorları ilə vəhdətdə dərk edilməlidir.

Buradan məntiqi nəticə alınır: müasir cəmiyyətlərdə təhsil mütləq surətdə peşəkar hazırlıqla cəmiyyətin mənəvi-mədəni, əxlaqi, psixoloji, texnoloji, sosial və digər keyfiyyətlərin vəhdətində formalaşdırılmalıdır. Prinsipcə, məsələnin bu aspekti geniş və çoxsaylı faktorları sistem halında nəzərə almağı tələb edir. Lakin müasir inkişaf xüsusiyyətləri fonunda başqa təhsil strategiyası adekvat ola bilmir. Deməli, müasir universitetlərin strategiyası yenidən işlənməli və orada mənəvi-mədəni, etik aspekt ciddi surətdə diqqətə alınmalıdır.

Bu kontekstdə Türk dövlətlərinin ortaq əlifbadan ortaq universitetin yaradılmasına keçidinin konseptual və nəzəri dinamikası necə ola bilər?

Təhsilin yeniləşməsində elmin rolu

Bunu çox ciddi faktor kimi qəbul etmək gərəkdir. Çünki Azərbaycan və Mərkəzi Asiya türk dövlətləri uzun müddət sovet təhsil sistemində olmuşlar və bu da üstün cəhətləri ilə yanaşı, müasirlik baxımından bir sıra məqamların yeniləşməsini də tələb etməkdədir. Ancaq əsas məsələ ondan ibarətdir ki, təhsili elmi yeniləşmədən kənar yeniləşdirmək imkansızdır. Yəni faktiki olaraq problem elm-təhsil inteqrasiyası kontekstində sistemli yeniləşmə kursunun müəyyən edilməsinə transfer olur. Bu bağlılıqda türk dövlətlərində hər hansı nümunə-model vardırmı? Bəli, artıq vardır. Bu nümunə-model Azərbaycan Milli Elmlər Akademiyasının yeniləşmə kursudur.

AMEA son 2-3 ildə elmi fəaliyyətin təşkili, təşkilatın struktur-funksional xüsusiyyətlərinin yeniləşməsi, rəqəmsallaşmanın elmi tədqiqat, elmi biliyin saxlanması və ötürülməsi proseslərinə maksimum tətbiqi, faktiki olaraq “Elektron akademiya”, “Elektron kitabxana” və “Gənc akademiya”nın yaradılması istiqamətlərində ardıcıl və sistemli addımlar atır. Bundan başqa, AMEA-nın yeniləşməsində türk dövlətlərinin elmi qurumları ilə əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi həyata keçirilir.

AMEA-nın yeniləşməsində elmlə təhsilin inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edən doktorantura pilləsinin Avropa standartları üzrə yeniləşməsi ayrıca önəm kəsb edir. Bunun üçün AMEA Rəyasət Heyəti aparatının “Elm və təhsil” şöbəsi fəal çalışır.

Təbii ki, biz burada AMEA-nın yeniləşməsi kursunun incə məqamları üzərində dayana bilmirik. Bunun üçün ayrıca araşdırmaya ehtiyac vardır. Lakin ümumi səviyyədə türk dövlətlərinin aidiyyətli təşkilatlarının ortaq universitet yaratmaq istiqamətində nəzəri, konseptual, struktur, funksional və metodoloji aspektlərdə elmlə təhsilin səmərəli inteqrasiyası üçün AMEA-nın yeniləşmə kursu təcrübəsindən geniş yararlana biləcəklərinə şübhə etmirik.

Bilik aspekti

Əlbəttə, türk dövlətləri vətəndaşlarının müasir tələblərə uyğun bilik almaları ilk şərtdir. Bilik vermək universitet təhsili formasının başlıca məqsədidir. Türk gənclərin yüksək səviyyədə bilik almalarının təşkili də ayrıca vəzifədir. Çünki bunun üçün yüksək səviyyəli pedaqoji kadrlar və müasir texniki-texnoloji şərait gərəkdir. Dünyanın müxtəlif aparıcı universitetlərində çalışan türk pedaqoqları bu işə cəlb etmək olar. Eyni zamanda, onu da deyək ki, türk dövlətlərinin özündə kifayət qədər yüksək hazırlıqlı müəllimlər mövcuddur. Bu səbəbdən, hesab etmirik ki, yüksək bilik vermək aspektində ortaq universitetin hər hansı ciddi kadr problemi olsun.

Mənəvi və ideoloji aspekt

Ümumiyyətlə, Sovet İttifaqı dağılandan sonra cəmiyyətlərdə ideologiya məsələsinə müəyyən neqativ münasibət formalaşmışdır (və ya formalaşdırılmışdır). Qərbin təbliğat maşını isə aktiv surətdə “ideologiyasız cəmiyyət”, “ideologiyasız təhsil”, “ideologiyasız elm” və s. kimi terminlərlə manipulyasiya etməkdədir. Lakin bu görünən tərəfin əsl siması tamamilə başqadır. Bu “ideologiyasız nələrsə” dedikdə faktiki olaraq Qərb mədəniyyəti çərçivəsində mövcud ideologiyalardan kənarda olanları nəzərdə tuturlar. Məsələn, Qərb anlamında liberalizm və ya demokratiya təşviq edilir. Hətta indi onlar təhlükəsizlik konsepsiyasını ideologiya səviyyəsinə qaldırıblar. Bunun mahiyyəti ondan ibarətdir ki, “təhlükəsizliyin təmini” dedikdə əsas olaraq özlərini nəzərdə tuturlar. Buna isə başqalarının təhlükələrə atılması və hüquqlarının tapdanması bahasına olsa belə nail olmağa çalışırlar.

Konkret elm və təhsilə gəldikdə isə vəziyyət digər sahələrdən zərrə qədər də fərqlənmir. Qərb dövlətçiliyinə, liderliyinə, kültür xüsusiyyətlərinə zidd olan heç bir elmi mövqe perspektivli hesab olunmur. Buna görə də orada elmi təşkilatlar alimin yaradıcılıq sərbəstliyi ilə məsuliyyətini bir-birindən ayırmırlar. Təbiət elmləri sahəsində edilən elmi kəşfləri isə birbaşa öz maraqlarına uyğun tətbiq edirlər. Deməli, dünyada elmi fəaliyyət kökündən müəyyən sosial məqsədlərə xidmət edir. O sahədə uğur ancaq dövlətin maraqlarına cavab verən araşdırmalar sayəsində qazanıla bilər. Bu o demək deyildir ki, yaradıcılıqda başqa mövqelər sıxışdırılır. Təbii ki, məsələn, Qərbdə tam sərbəstlik vardır. Lakin dövlətə uyğun olmayan araşdırmaların prestiji, sosial qiyməti yoxdur. Hətta, son illər orada “incimiş intellektlər” deyilən müəyyən elmi kəsim formalaşmışdır.

Bundan başqa, özlüyündə sosio-humanitar elmlər ideologiyadan kənarda mövcud ola bilməz. Ən azı araşdırmaçı müəyyən mənəvi, əxlaqi və etik meyarlara cavab verməlidir. Onun üçün cəmiyyət və dövlətin maraqları əhəmiyyət daşımalıdır. Bir sözlə, sosio-humanitar sahədə çalışan insan dövlətə və cəmiyyətə elmi-mədəni kontekstdə xidmət etməlidir.

Bu prizmadan baxanda Ortaq Türk Universiteti ideyası bir zərurətdir və reallaşmalıdır. Onun hazırladığı kadrlar Türk dünyasının elmi, mədəni, mənəvi-əxlaqi və idarəetmə aspektlərində inkişafına töhfə verməlidirlər. Ortaq universitetin məzunları türk toplumlarının hərtərəfli inkişafında aparıcı rol oynamalıdırlar. Kadrlar, bütövlükdə, türklərin vahid mədəniyyət, sosial-psixoloji, idarəetmə, etik və iqtisadi inkişaf özəlliklərini araşdırmalı və onu ideya kimi beyinlərə yeritməlidirlər. Məsələnin çox mühüm tərəfi dövlətçiliklə bağlıdır.

Ortaq universitet və TDT

Ortaq universitet ideyası ayırıcı deyil, birləşdiricidir. Əslində, onun məzunları iki miqyasda birləşdirici rolu oynamalıdırlar. Birinci, Türk dövlətlərinin birləşdirilməsidir. İkinci, TDT-nin geniş geosiyasi məkana mədəni, sivil, etik, ideoloji inteqrasiyası ilə bağlıdır.

Bu səviyyələr bir-biri ilə sıx əlaqəlidir. Təbii ki, öncə türk cəmiyyətlərinin ortaq elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sferalarda birliyinə nail olmaq gərəkdir. Bu prosesin mürəkkəb və uzun sürə biləcəyinin fərqinə varılır. Ancaq, bu, tam reallaşa bilən və gerçəkləşməli olan prosesdir. Bu istiqamətdə düşünülmüş addımlar sonucda müsbət nəticə verməlidir.

Eyni zamanda, TDT-nin özünün geniş geosiyasi və mədəni məkanda fərqli strukturlarla əməkdaşlıq etməsi və bu mənada onlarla inteqrasiyaya getməsi də çox əhəmiyyətlidir. Çünki o zaman TDT ayrıca müstəqil güc kimi qəbul olunur və onun qlobal miqyasda rolu yüksəlir.

Ortaq universitet ideyası bu proseslərin mərkəzində elm və təhsilin və, deməli, bütövlükdə mədəniyyətin aparıcı yer tutmasına işarədir. Türk dövlətləri gələcək inkişaflarının mərkəzində bütövlükdə inkişafı, sivil və mədəni olmağı, yüksək texnolojiyə əsaslanan və yüksək mənəviyyata sahib tərəqqini görürlər. Məhz bu kontekstdə ortaq universitet ideyası digər analoji təkliflərlə bərabər strateji əhəmiyyət daşıyır. Elm və təhsil Türk Dövlətləri Təşkilatının davamlı, dayanıqlı və müasir nümunəli inkişafının rəmzi olmalıdır.

Tarixin sifarişi

Belə görünür ki, türk dövlətlərinin sosial, mədəni, siyasi, elm, təhsil, təhlükəsizlik və digər sahələrdə inteqrasiyası tarixin gedişatının təbii nəticəsidir. Qloballaşma ən uzaq ölkələri və mədəniyyətləri birləşdirirsə, türk xalqları da buna əsaslı reaksiya verməlidir. Burada ilk sual təbii olaraq türklərin “biz necə yaşamalıyıq ki, mədəniyyətimiz, dövlətçiliyimiz və kimliyimiz yox olmasın, dünya sivilizasiyasının həmişə olduğu kimi, gələcəkdə də layiqli tərkib hissəsi olaraq qalaq”. Artıq yol seçilmişdir – Türk Dövlətləri Təşkilatı!

Bu istiqamətdə Azərbaycanın fəal birləşdirici rol oynaması çox sevindirir. Çünki azərbaycanlılar növbəti dəfə sübut edirlər ki, onlar əməkdaşlığın, birliyin, bir yerdə təhlükəsiz mövcud olmanın tərəfdarıdırlar. Azərbaycan isə dövlət kimi yalnız öz soydaşlarının deyil, çox geniş məkanda müxtəlif etno-mədəni vahidlərin birliyi və əməkdaşlığına fayda verən dövlətdir. Bunu Azərbaycanın Cənubi Qafqazdakı siyasi, mədəni, geosiyasi, energetik, iqtisadi və təhlükəsizlik fəaliyyətləri tam təsdiq edir. Prezident İlham Əliyev, hətta, Ermənistana əməkdaşlıq əlini uzatmışdır.

Bundan başqa, Azərbaycan Avropa ilə enerji və başqa sahələrdə əməkdaşlığı inkişaf etdirərək geniş bir məkanda sivil və mədəni tərəqqiyə, milli təhlükəsizliyin təmininə töhfələr verir.

İndi Azərbaycan Uzaq Şərqdən tutmuş Afrikaya və Okeaniyaya qədər çox geniş bir məkanda əməkdaşlıq, birləşdiricilik, ədalətlilik və sivil tərəqqi uğrunda faydalı olmaqdadır.

Bütün bunlara görə, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının inkişafında, o cümlədən, elm və təhsil sferalarında inteqrasiyalarında aparıcı rol oynayacağına ciddi təminat vardır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Chosen
105
50
xalqqazeti.az

10Sources