EN

Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... -ANALİZ

Ermənistanın müdafiə xərcləri 2025-ci ildə 20 faiz artaraq 664 milyard dram (1,71 milyard ABŞ dolları) təşkil edəcək. Bunu respublikanın maliyyə naziri Vaqe Ovannisyan deyib. O, ölkənin 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7 % çoxdur. Nazir əlavə edib ki, əsaslı büdcə xərclərinin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək. 


“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Ermənistanın təkbaşına növbəti dəfə savaş meydanına girmək şansı o qədər də yüksək deyil:

“Xüsusilə də rəsmi İrəvan Ermənistanın hərbi potensialının  bunu üçün yetərli olmadığını anlayır. Eyni zamanda onlar başa düşürlər ki, növbəti dəfə müharibə olarsa, bu Azərbaycan Ordusunun daha ağır və sarsıdıcı zərbələri ilə nəticələnəcək. Ermənistan isə bu zərbələrin qarşısında qətiyyən tab gətirməyəcək. Bir sözlə Ermənistanın növbəti dəfə savaşa cəhdi, onun dövlətçiliyinin məhv olunmasına səbəb ola bilər. Digər tərəfdən Ermənistan yalnız Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransadan çoxlu silah aldığı təqdirdə Azərbaycanla münaqişəyə gedə bilər. Amma bunun üçün həmin ölkələrin Ermənistanı Azərbaycanla savaşda dəstəkləməsi və ən yeni silahları verməsi lazımdır. Hələlik Ermənistan Qərbdən müxtəlif silah növləri alıb, siyasi dəstək görməsinə baxmayaraq rəsmi İrəvan indiki situasiyanın onlar üçün savaşa girmək imkanları yaratdığından əmin deyil. Eyni zamanda Ermənistan qələbə şanslarının da olmadığını gözəl başa düşür. Yaxın vaxtlarda Ermənistanın hərbi büdcəsi artsa belə, onların Azərbaycanla savaşa cəsarət edəcəyi qətiyyən inandırıcı görünmür. Heç Cənubi Qafqazda yaranan vəziyyət də Ermənistana müharibəyə getmək imkanları vəd etmir. Həmçinin gələcək zamanda ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza yönəlik siyasətində müəyyən dəyişikliklərin olması da müşahidə olunur. Ona görə də Ermənistan belə bir təhlükəli addıma səy göstərməz”.
Chosen
50
17
sherg.az

10Sources