EN

COP29 çərçivəsində "Troyka"nın Yüksək Səviyyəli Dialoqu baş tutub(FOTO)

COP29 çərçivəsində "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı konfrans baş tutub.

Olaylar xəbər verir ki, COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarına müraciətində qeyd edib ki, Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətin təşviqinə, nəinki Paris Sazişində qarşıya qoyulmuş məqsədlərə nail olunmasının təmin edilməsinə, həm də onların həyata keçirilməsinin sürətləndirilməsinə yönəlib.

Müraciəti Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev oxuyub.

"Birlikdə, COP28, COP29 və COP30 liderləri olaraq, biz iqlim dəyişikliyi ilə bağlı aktual çağırışa qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyimizdə həmrəyik. COP29-a sədrlik etmək bütün ölkələrimiz üçün həm imtiyaz, həm də əhəmiyyətli bir məsuliyyətdir. Bizim vizyon iddialı, ədalətli və dürüstdür, qətiyyətli fəaliyyətin təcili ehtiyacına söykənir.

Azərbaycan 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib ki, bu da qlobal çağırışların yalnız birgə səylər və missiyanın dəstəyi ilə aradan qaldırılmasına inamımızı əks etdirir. Həmrəylik sadəcə bəyannamə deyil, bizim üçün rəhbər prinsipdir.

Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdə irəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır", - o bildirib.

Braziliyanın ətraf mühit və iqlim dəyişiklikləri naziri Marina Silva bildirib ki, Braziliya iqlim maliyyəsinin konkret həllinin COP29-un əsas nəticələrindən biri olacağına ümid edir.

"BƏƏ-də əldə edilən konsensus, Missiya 1.5-in yol xəritəsini hazırlamaq üçün vasitə kimi "Troyka"nı təsis etdi. Bizim əsas məqsədimiz qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq və qlobal dayanıqlığı gücləndirmək hədəflərini əlçatan səviyyədə saxlamaqla, beynəlxalq əməkdaşlığı gücləndirmək və Milli Müəyyən edilmiş Töhfələrin növbəti raundunda ambisiyaları yüksəltməkdir.

İqlim fövqəladə halının reallığı bütün qitələrdə hiss olunur. Xüsusilə dünyanın ən böyük emissiyaçıları arasında ambisiyaları artırmaq və bunu həyata keçirmək üçün lazımi vəsaitləri səfərbər etmək təcilidir.

Bununla belə, bizim daha çox maliyyələşdirməyə ehtiyacımız var, texnologiyaya çıxışımız lazımdır və biz inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə dəstək verməyə çağırırıq", - o bildirib.

COP28 Baş Direktorunun müavini Adnan Amin bildirib ki, COP28 və COP30 arasındakı üç illik dövr Paris Sazişinin məqsədlərinə nail olub-olmayacağımız baxımından həlledici olacaq.

"Düşünürəm ki, "Troyka"nın nə üçün yaradıldığını xatırlamağa dəyər. Aydındır ki, COP28 və COP30 arasındakı bu üç illik dövr Paris Sazişinin məqsədlərinə nail olub-olmayacağımız və Dubayda hamımızın razılaşdığımız "Şimal Ulduzu"muza nail olub-olmayacağımız, yəni 1,5 dərəcə hədəfinə çata biləcəyimizdə həlledici olacaq", - o bildirib.

Öz növbəsində, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev qeyd edib ki, "Troykanın" rəhbərliyi ilə biz hamı üçün davamlı, bərabər və təhlükəsiz gələcəyə yol aça bilərik.

Qeyd edək ki, "Troyka" ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
COP29
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
4
olaylar.az

5Sources