EN

Ukrayna ilk dəfə Rusiyanı uzaqmənzilli raketlərlə vurub

Moskva hücumu nüvə dövlətinin dəstəyi ilə "Rusiyaya qarşı təcavüz” hesab edə bilər

Ukrayna Müdafiə Qüvvələrinin noyabrın 19-da, gecə saatlarında ilk dəfə olaraq Rusiya ərazisinə "ATACMS” ballistik raketləri ilə hücum etdiyi bildirilir.

"RBC” Ukrayna Müdafiə Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, zərbə Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektə düşüb.

Karaçev Bryanskdan çox da uzaqda deyil və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir.

Noyabrın 19-na keçən gecə orada Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin (GRAU) 67-ci silah anbarına hücum edilib.

Sosial şəbəkələrdə güclü yanğınların videoları əks olunan kadrlar paylaşılıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, anbarda artilleriya sursatları, o cümlədən Şimali Koreya mərmiləri saxlanılırmış.

Həmçinin reaktiv yaylım atəş sistemi üçün tənzimlənən bombalar, zenit raketləri və sursatlar da olub.

Bildirilir ki, anbara daha öncə, oktyabrda Ukrayna pilotsuz təyyarələri tərəfindən hücum edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, bu cür zərbələr düşmən üçün maddi-texniki problemlər yaradır və hücum potensialını azaldır.

Noyabrın 19-da Baş Qərargah da Karaçev ərazisindəki anbara hücum barədə məlumat yaysa da, "ATACMS” raketlərindən bəhs edilməyib. Əlavə olunub ki, sursat anbarlarına hücum davam edəcək.

ABŞ "ATACMS” raketləri ilə Rusiyanın vurulmasına icazə verdimi?

Daha öncə Qərb mətbuatı ABŞ Prezidenti Co Baydenin Rusiya ərazisinə məhdud "ATACMS” raket zərbələrinə (mənzil məsafəsi 300 km-ə qədər) icazə verdiyini yazmışdı.

Güman edilirdi ki, "yaşıl işıq” Ukraynaya qarşı müharibədə iştirak edən Şimali Koreya qoşunlarının yeri də daxil olmaqla, Kursk bölgəsindəki hədəflərə zərbələr endirir.

ABŞ administrasiyasından hələ ki, rəsmi təsdiq yoxdur. Lakin Avropa diplomatiyasının rəhbəri Cozep Borrel noyabrın 18-də Ukraynanın icazə aldığını və bu məsələnin Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə müzakirə edildiyini söyləyib.

Hərbi-siyasi dairələrdəki mənbələrin "RBC”-ya verdiyi məlumata görə, Böyük Britaniya və Fransa Rusiya ərazisində "Storm Shadow”/SCALP qanadlı raketlərinin istifadəsinə icazə verib. Amma bir neçə gün öncə "The Guardian” bu iddianı təkzib edərək yazmışdı ki, "Storm Shadow” yalnız Ukraynaya hücumlar zamanı ölkənin müdafiəsi üçün istifadə olunacaq.

Rusiya Müdafiə Nazirliyi isə Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki hərbi obyektə "ATACMS” raketləri ilə hücumunu təsdiqləyib.

Rusiya Hərbi Departamentinin açıqlamasında, Amerikaya məxsus 5 "ATACMS” raketinin "S-400″ hava hücumundan müdafiə sistemi və "Pantsir” hava hücumundan müdafiə raket sisteminin ekipajları tərəfindən vurulduğu, birinin zədələndiyi bildirilib.

Raketin parçaları hərbi obyektin texniki ərazisinə düşüb, qəza yerində yanğın baş verib, lakin dərhal söndürülüb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində tələfat və dağıntı olmayıb.

Bu arada, Prezident Vladimir Putin noyabrın 19-da Rusiyanın yenilənmiş nüvə doktrinasını imzaladığı məlum olub.

Buna görə, Moskva indi nüvə zərbəsi üçün əsas kimi qeyri-nüvə vasitələri (o cümlədən pilotsuz təyyarələr) ilə kütləvi hava hücumunu və nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin "Rusiyaya qarşı təcavüzünü” hesab edə bilər.
Chosen
2
30
arqument.az

10Sources