Bakı, 9 avqust, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsin nəzdində Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında avqustun 8-də Anlaşma Memorandumu imzalanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.
Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitet tərəfindən təşkil edilmiş tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.