RU

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: iki polkovnikə hökm oxunub

Müdafiə

Bakı Hərbi Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin iki polkovnikinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Reyting.az
 Musavat.com-a istinadla xəbər verir ki, hakim qarşısına çıxarılan Nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevlə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanova hökm oxunub.

Hər iki polkovnik Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində aparılan yoxlamalar çərçivəsində həbs olunmuşdular. 1 il yaxın davam edən məhkəmə araşdırmalarının nəticəsi olaraq dövlət ittihamçısı hər iki sabiq rəisin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mahir Şirvanov tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınıb, Cinayət Məcəlləsinin 62-ci maddəsi (nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud ümumiyyətlə maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza təyini) tətbiq olunmaqla ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən proses də oxşar hökmün çıxarılması ilə yekunlaşıb. Müttəhim Məlikməmməd Qurbanov tərəfindən dövlətə vurulmuş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınıb, Cinayət Məcəlləsinin 62-ci maddəsi (nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud ümumiyyətlə maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza təyini) tətbiq olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılır. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Избранный
101
46
reyting.az

10Источники