Ölüm işi ilə əlaqədar direktoru məsuliyyətə cəlb edilən və dəfələrlə cərimələnən “AzE Estetik Mərkəz”lə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, estetik mərkəzdə aparılan yoxlama zamanı bəzi nöqsanlar və qanun pozuntuları aşkarlanıb. Belə ki, mərkəzin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozduğu məlum olub. Belə ki, sözügedən maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, sözügedən mərkəzin direktoru Ülviyyə İlyasovanın adı da ölüm işində hallanır. Belə ki, aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Yasamal rayon prokurorluğunun məlumatına görə, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlaması, növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mərkəzlə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 24 sentyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.
Nigar