RU

Tarix yazan qəhrəmanlarımızın həyat yolu vətənpərvərlik məktəbidir

“44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan qəhrəmanlarımızın həyat yolu həyat yolu vətənpərvərlik məktəbidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, sentyabrın 27-si cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi qeyd edilir:

“Cənab prezidentin bu sərəncamı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 2020-ci il sentyabr ayının 27-də təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni terroruna qarşı Zəfər yürüşünə başladı. 27 sentyabr 30 ildən artıq müddət ərzində dünya ictimaiyyətinin göz yumduğu işğala öz gücümüzlə son qoyduğumuz gündür. Ermənistan həm I Qarabağ müharibəsində, həm də II Qarabağ müharibəsində çox sayda hərbi cinayətlər törədib. Ermənilər hər zaman döyüş meydanından qaçan qorxaq millət olub. onlar həmişə “güc şousu”nu əliyalın, sivil vətəndaşlar üzərində göstəriblər. 44 günlük Vətən müharibəsində də belə oldu. Döyüş meydanından qaçan barbar ermənilər yaşayış məskənlərimizi atəşə tutaraq müxtəlif terror aktları törətdilər. Təəssüf ki, 2 il keçsə də, hələ də Gəncə, Bərdə və digər rayonlarda törədilən terrorlara görə səbəbkarlar cəzasız qalıb”.

Deputat vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qələbəsi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 30 il ərzində çalışdıq ki, 20% ərazimizi işğal edən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlayaq. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə çalışır. Əlbəttə, bu, qəbuledilməz idi. Biz heç bir zaman işğalla barışa bilməzdik. Barışmadıq da. Tovuz döyüşləri Azərbaycan xalqının səbrini daşırdığı son damla oldu.

Bilirsiniz ki, sentyabrın 26-dan başlayaraq Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdular. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu. Əlbəttə, Azərbaycanın Müzəffər Ordusu onların qanını yerdə qoymadı. Bir gün sonra, yəni sentyabrın 27-də, səhər  saatlarında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi. Ali Baş Komandanın tarixi çıxışı, etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarımızı və dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi.

90-cı illərin əvvəllərində ayaqyalın öz dədə-baba torpaqlarını tərk edən uşaqlar tank belində doğma yurdlarına geri qayıdaraq, qanları ilə tarix yazdılar. 27 sentyabr tək ərazi bütövlüyümüzün deyil, həm də milli qürurumuzun bərpa olunduğu gündür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını sübut etdilər. Qanları və canları ilə tarix yazan qəhrəmanlarımız heç bir zaman unudulmayacaq. Çünki onların İkinci Qarabağ müharibəsində və 24 saatlıq lokal antiterror tədbirlərində göstərdiyi qəhrəmanlıq sayəsində biz artıq ərazi bütövlüyümüzü və ölkə suverenliyimizi tam bərpa edərək, Azərbaycan xalqının gücünü nəyinki düşmənə, bütün dünyaya sübut etdik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin”.

Избранный
77
40
xalq.az

10Источники