RU

Yaxın Şərqdə yeni müharibə EHTİMALI: “Buna bəhanə verən İrandır”

“İsraillə İran arasında hansısa müharibənin baş verməsi anlayışını unutmaq lazımdır, çünki belə bir müharibə olmayacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O, İsrailin Livan ərazisində hərbi əməliyyatları başlamasından sonra İranla İsrail arasında mümkün müharibə ehtimalından söz açıb.

Onun sözlərinə görə, ilk növbədə, İsrailin İranla müharibə etmək imkanı yoxdur:

“Çünki İsrail İranla həmsərhəd deyil. İsrail gərək neçə dövləti aşıb keçməlidir ki, İranın sərhədlərinə çata bilsin. İkincisi, İran 85 milyondan artıq əhalisi olan bir dövlətdir. 10 milyonluq kiçik İsrail quru qoşunları kontekstində hansı imkanlara malik ola bilər? Hava hücumu ilə hədəfləri vurub, qaçmaq başqa, quru qoşunları ilə böyük bir işğalı həyata keçirmək isə tamamilə başqa bir məsələdir. Üstəlik, sual oluna bilər ki, “İran bu müharibəni istəyirmi?”

Mütəxəssis düşünür ki, İranın son əməliyyatları, nəticə etibarilə, İsrailə elə də ciddi fəsadlar törətmədi:

“Əksinə, şərait yaratdı ki, İsrail beynəlxalq hüquq nöqteyi-nəzərindən daha da irəliyə gedərək, Livan, Suriya və İraqa doğru dəhlizin açılmasına yönəlmiş yeni addımlar atsın.

Əslində, bu “vəd olunmuş torpaqlar” kontekstində aparılan əməliyyatın tərkib hissəsi kimi görünür ki, buna bəhanə verən də İrandır. Necə ki, 7 oktyabrda İsrailə hücum edib bəhanə yaratdılar ki, Qəzza zolağına müdaxilə edilsin, bu gün də həmin bəhanələr yenidən yaradılır. Ona görə də heç bir müharibədən söhbət belə gedə bilməz. Baş verənlər, sadəcə, böyük bir oyunun tərkib hissələridir”.

Rafi Müslümov

Избранный
130
50
yenicag.az

10Источники