RU

Evdar xanımlar su itkisinə yol verməz: Ailə büdcəsinin bundan zərər görəcəyini bilirlər

“Qərarların qəbul edilməsində qadınları dinləmək faydalı olardı. Qadınlar daha praqmatik düşüncəyə malikdirlər, faydalı nəticə verəcək təkliflərlə çıxış edə bilirlər”

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib. Konfransda iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr aparılıb. Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, su problemləri həm Azərbaycanda, həm dünyada get-gedə çox sürətlə artır. "Gündəlik həyatımız, həyat tərzimiz elədir ki, israfçılığa çox böyük yer ayırırıq. Bu prizmadan baxsaq, universitetlərin burada rolu çox böyükdür. Universitetlər cəmiyyətdə aparıcı qüvvədir, aparıcı bir platformadır, gənc nəsli yetişdirir. Burada tədqiqatlar, araşdırmalar aparılır. Yəni universitetlərin bu problemin həllində rolu çox böyükdür. Biz COP29 çərçivəsində Azərbaycan universitetlərinin birliyini yaratmaq istəyirik ki, iqlim problemləri mövzusunda universitetlər bir yerdə çalışsınlar, bir yerdə resurslarını bölüşsünlər. Biz birgə çalışmalıyıq ki, cəmiyyətdə yeni həyat tərzi formalaşdıraq və innovasiyalara dəstək olaq. Yəni universitetlər bu işlərdə çox aktiv rol oynaya bilər. Bildiyimə görə, COP prosesinin ilk illərində danışıqlar siyasətçilər arasında aparılıb. Amma son illərdə universitetlər, tədqiqat mərkəzləri, qeyri-hökumət təşkilatları, alimlər prosesə çox aktiv cəlb olunur ki, onlar siyasətçilərlə bir yerdə bu problemləri həll edə bilsinlər”, - deyə o bildirib.
  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, su iqtisadiyyat, sosial rifah və ərzaq təhlükəsizliyi üçün qiymətli resursdur. O qeyd edib ki, dünyada təmiz suya əlçatanlıq böyük problemdir. “Bu problemdən qadınlar çox böyük əziyyət çəkir. Sudan səmərəli istifadə yalnız qadınlara məxsus bir hal deyil. Biz bu bərabərsizliyi aradan qaldırmaq niyyətindəyik. Azərbaycanda təmiz suya əlçatanlığın artması üçün bir sıra tədbirlər görülür. Suya əlçatanlıq çox vacib ictimai məsələdir. Ailədə suyun əsas tənzimləyicisi olan qadınlar artıq dövlət qurumlarında suyun idarə edilməsində, bu haqda qərar verilməsində daha aktiv iştirak edirlər. Məqsədimiz bütün vətəndaşların su ehtiyatlarından bərabər faydalanmasıdır”, - deyə o bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, suyun ədalətli paylanması hər kəsin fundamental hüququdur. O qeyd edib ki, Azərbaycanda təmiz suya əlçatanlıq arzuolunan səviyyədə deyil. “Niyə bilmirəm, lakin keçmişdən bu yana suyu toplamaq, saxlamaq qadınların öhdəliyinə verilib. İndi isə zaman fərqlidir. Suya qənaət etmək, saxlamaq yalnız qadının öhdəliyində deyil. Əlbəttə ki, qadınların su resursları haqqında qərarların qəbulunda iştirak etməsi müsbət nəticələr verə bilər. Lakin onlar peşəkar mütəxəssis olaraq yetişdirilməlidir. COP29 isə bu istiqamətdə bizə həll yolları tapmağa imkan verəcək. Bu tədbir nəinki Azərbaycana, bütün bəşəriyyətə öz töhfəsini verəcək”, - deyə o bildirib.

   “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qadınların ən çox əziyyət çəkdiyi iqlim dəyişmələri və təmiz su mənbələrinə əlçatanlıqdır: 

- İqlim dəyişmələri ümumiyyətlə bəşəriyyətə, bütün insanlara mənfi təsir edir, o cümlədən də qadınların sağlamlığını təhdid edir. Qadınlar daha həssas təbəqədir, çünki həm də anadırlar, ana olmaq kimi bir təbii vəzifələri var. Qeyri-sağlam qadın dünyaya sağlam övlad gətirə bilməz. İqlim dəyişmələri qadınlarda təzyiq, qanda qatılıq problemləri yaradır, bunlar da öz növbəsində qadın orqanlarının fəaliyyətinə mənfi təsir edir, menstural dövriliyi pozur, nəticədə bəzi qadınlarda hamiləliklə bağlı, övlad sahibi olmaqla bağlı problemlər yaranır. Son illərdə tibb mütəxəssisləri ana südünün faydalarından danışır, gənc xanımlara körpələrini ana südü ilə bəsləməyi dönə-dönə tövsiyə edirlər. Amma niyə gənc  analar körpələrini ana südü ilə bəsləyə bilmir, bunun səbəbləri nədir, tam araşdırılmır. Digər faktorlarla yanaşı iqlim dəyişmələrinin təbiətdə yaratdığı dəyişikliklər, təbii resursların azalması, ekoloji təmiz qidaların azalması, su hövzələrinin çirklənməsi... bütün bunlar qadın sağlamlığına və dünyaya gələn körpələrin gələcək həyatına təhdid daşıyır. 
  
M.Zeynalova bildirdi ki, qadınların su itkilərinə yol verilməsində “payı” çox kiçikdir: 
- Evdar xanımlar su itkisinə yol verməz. Ailə bidcəsinin bundan zərər görəcəyini bilirlər. Bir də ki hazırda çox az ev tapılar ki, orada paltaryuyan, qabyuyan maşın olmasın. Paltaryuyan maşınlar, bəllidir ki, su israfının qarşısını alır. Əllə camaşır yumaq dövrü arxada qalıb. Qabları da maşın yuyur. Mənzillərdə su israfının olacağı az inandırıcıdır. Su israfına harada yol verildiyi məlumdur. İçməli sudan yaşıllıqların suvarılmasında, avtoyuma məntəqələrində istifadə olunur. Bəzən su kəmərləri xarab olur, günlərlə təmir edilmir, su boş-boşuna axır. Su israfının qarşısı cəmiyyət olaraq hamımız tərəfindən alınmalıdır. Harada su itkisi varsa, əlaqədar qurumlara məlumat verilməlidir. Qurumlar da gərək vəzifələrinin öhdəsindən gəlsinlər. Qərarların qəbul edilməsində isə qadınları dinləmək, hesab edirəm ki, faydalı olardı. Qadınlar daha praqmatik düşüncəyə malikdirlər, faydalı nəticə verəcək təkliflərlə çıxış edə bilirlər. 

Избранный
68
17
sherg.az

10Источники