RU

Vətən müharibəsi iştirakçısı: "Heç kim beş dəqiqə sonra nə olacağını bilmirdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hərbi hissədə dörd topun heyət nəfəri idim. Beş rayonun işğaldan azad olunmasında iştirak etmişəm. Biz müharibəyə Füzulidən başlamışdıq".
Bu sözləri Oxu.Az-a müsahibəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı Tural Xəlilov deyib.
O bildirib ki, döyüşə başladıqları Füzuli rayonunda çətinliklərlə dolu 13 gün keçiriblər:
- Hərbi hissədə dörd topun heyət nəfəri idim. Beş rayonun işğaldan azad olunmasında iştirak etmişəm. Biz müharibəyə Füzulidən başlamışdıq. Orada çətinliklərlə dolu 13 gün keçirdik. Bu müddətdə, demək olar ki, heç bir yol qət edə bilməmişdik. Topun heyət nəfərləri olaraq deyilən hədəfləri vururduq. Kor hədəfləri də vura bilirdik. Çətinliyimizin bir qismi bəzən yemək yeyib, su içməyə vamüxtımızın olmaması idi. Füzulidən sonra Cəbrayılda döyüşməyə başladıq. Təxminən 10 gün burada döyüşdükdən sonra sürətlə irəlilədik. Daha sonra Qubadlı, Zəngilan istiqamətində hərəkətə keçdik. Sonuncu döyüş yerimiz Xocavənd oldu.
- Müharibə başlayanda hansı hissləri keçirirdiniz?
- Bizim tək amalımız 30 il müddətində işğal altında olan torpaqlarımızı geri qaytarmaq idi. Artıq uzun müddət gözlədiyimiz vaxt gəlib çatmışdı. Mən bu döyüşdə Azərbaycan əsgərinin, Azərbaycan xalqının istəyinə nail olmaq yolunda hansı gücə sahib olduğunun şahidi oldum. Həm qəzəb, həm həyəcan hissi keçirirdim.
- Döyüşdüyünüz istiqamətdə itkiləriniz çox oldu?
- Hamımız döyüşə ürəklə gedirdik. Amalımız uğrunda vuruşurduq. İlk günlərdə şəhid vermədik. Lakin Xocavənd istiqamətində gedən döyüşlərdə iki şəhidimiz oldu.
- Hansı anlarda ailəniz gözünüzün önünə gəlirdi?
- Müharibənin ilk vaxtlarından, döyüşdə iştirak edən gündən həmişə ailəmi xatırlayırdım. Düşünürdüm ki, şəhid olsam, nə edəcəklər, necə olacaqlar? Lakin buna baxmayaraq, xalq üçün döyüşdüyümü də heç zaman unutmurdum. Onları qorumaq, torpaqları azad etmək naminə bu yolda irəliləyirdik. Hərdən qəhərlənirdim. Çünki bu elə bir an idi ki, beş dəqiqə sonra sənə nə olacağını bilmirdin. Heç kimə məlum deyildi ki, öləcəksən, yaralanacaqsan, yoxsa sağ qalacaqsan? Bu hissləri sözlə ifadə etmək olmur.
- Torpaqlarımızın işğaldan azad olunmasından dörd il ötür. İlk qələbə xəbərini eşidəndə hansı hisslər keçirdiniz?
- İlk qələbə xəbəri veriləndə mən Xocavənddə idim. Bu hisslərin sözlə tərifi mümkünsüzdür. Çox gözəl hisslər idi. Otuz il işğalda olan torpaqlarımız artıq azad idi. Bu bizim üçün çox böyük qürur mənbəyi idi. O an yaşadığım hissləri izah etməkdə çətinlik çəkirəm, çünki bunun bir izahı yoxdur. Allah şəhidlərimizə rəhmət etsin! Bu gün torpaqlarımız Ali Baş Komandanımız, şəhidlərimiz hesabına azaddır.
Aygün Mirakif
Избранный
62
50
oxu.az

10Источники