Yunanıstan ilk milli karbon dioksid saxlama platformasını hazırlayır.
Publika.az xəbər verir ki, bunu Yunanıstanın ətraf mühit və energetika nazirinin müavini Aleksandra Sduku COP29 çərçivəsində Karbon Emissiyalarının İdarə Edilməsi üzrə Nazirlər Konfransında bildirib.
“Layihə Bərpa və Dayanıqlıq Fondu tərəfindən dəstəklənir və tamamlandıqdan sonra illik 3 milyon tona qədər karbon dioksid saxlamağa qadir olacaq. Biz karbonun tutulması, daşınması, istifadəsi və saxlanması üçün normativ bazanın hazırlanmasını başa çatdırırıq. Neft emalı və sement istehsalı kimi bir çox iri sənaye sahələri artıq karbonun tutulması üzrə planlar hazırlayır”, – deyə A.Sduku vurğulayıb.
O qeyd edib ki, Yunanıstan Avropa İttifaqı fondlarından iri emissiyaçı müəssisələrə dəstək üçün üçdə bir milyard avro cəlb edib. Bundan əlavə, karbonun sənaye obyektlərindən saxlama yerlərinə daşınması üçün tələb olunan infrastrukturun yaradılması məqsədilə milli qaz nəqli sistemi modernləşdirilir.
A.Sdukunun sözlərinə görə, Yunanıstan Misir kimi digər ölkələrdə karbon dioksid saxlama imkanlarını da araşdırır ki, bu da təşəbbüsün beynəlxalq xarakterini vurğulayır.
“Məqsədimiz 2030-cu ilə qədər güclü bir layihələr portfeli yaratmaqdır. Biz iqlim hədəflərinə çatmaq üçün kollektiv səylərin zəruriliyinə dair həmkarlarımızın fikirləri ilə tamamilə razıyıq”, – deyə Aleksandra Sduku əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.