RU

Döyüşdə DÖNÜŞ NÖQTƏSİ —ABŞ-ın təsdiqindən sonra ilk: Ukrayna ATACMS ilə Rusiya ərazisini vurdu...

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə iki il yarım ərzində bir çox fərqli mərhələlərdən keçdi. Nəhayət, Vaşinqtonun Rusiya ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə etmək üçün Kiyevə yaşıl işıq yandırması ekspertlər tərəfindən müharibənin kritik qırılma nöqtəsi kimi dəyərləndirilir. Ukrayna mətbuatında çıxan son xəbərə görə, Ukrayna ilk dəfə ATACMS raketi ilə Rusiyaya hücum edib. 

Demokrat.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna əsgərlərinin gecə yarısı Bryansk vilayətindəki obyektə 6 ATACMS raketi ilə hücum etdiyi bildirilib.

Açıqlamaya görə, S-400 və Pantsir hava hücumundan müdafiə sistemləri 5 raketi vurub, digərini isə zədələməyi bacarıb. Raketin hissələri hərbi obyektin texniki zonasına düşərək yanğına səbəb olub.

Nazirlik insan tələfatının və dağıntıların olmadığını vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev NATO-nun uzaqmənzilli silahlarından istifadə ediləcəyi təqdirdə Kiyevə və NATO elementlərinə hücum etmək hüququna malik olacaqlarını bəyan edərək, "Bu, III Dünya Müharibəsi olacaq" deyib. 

Ukrayna Baş Qərargahından verilən yazılı açıqlamada bildirilib ki, bu gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı logistika mərkəzinin 1046 saylı sursat anbarına zərbələr endirib.

Açıqlamada saat 02.30-a kimi hədəfə alınan ərazidə 12 ikinci dərəcəli partlayışın qeydə alındığı bildirilib və “Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması üçün Rusiya ordusuna aid silah-sursat anbarlarının dağıdılması davam etdiriləcək” ifadəsi işlədilib.

Ukrayna mətbuatının xəbərlərində Silahlı Qüvvələrdən qaynaqlara əsaslanaraq, Ukraynanın sözügedən hücumda ilk dəfə Rusiya ərazisində ABŞ istehsalı olan uzun mənzilli ATACMS raketlərindən istifadə etdiyi iddia edilib.

Karaçev şəhəri Ukrayna sərhədindən təxminən 115 kilometr aralıda yerləşir.

ATACMS raketləri bərk yanacaqdan istifadə edir. Onun uzunluğu 4 metr, diametri 610 mm, ən uzun məsafəsi isə 300 kilometrə qədərdir. Raketi Ukrayna üçün vacib edən də məhz bu məsafədir.

Hər ATACMS raketinin qiyməti təxminən 1,5 milyon dollardır.



Əfsanə Kamal
Demokrat.az
Избранный
19
2
demokrat.az

10Источники