RU

Vaşinqtonda SÜLH DANIŞIQLARI – Bayden administrasiyasının istəyi budur ki…

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Onu da nəzərə alaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Vaşinqtona dəvət edilib.

Bu səfər və keçirilən görüşlər Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını sürətləndirə bilərmi? Son dövrlər ABŞ-nin NATO-dakı müttəfiqi Fransanın Ermənistanı silahlandırdığını, dolayısı ilə yeni müharibəyə təhrik etdiyini nəzərə alsaq, Vaşinqton sülh müqaviləsinin tezliklə imzalanmasında nə dərəcədə maraqlıdır? Ümumiyyətlə, Qərb Cənubi Qafqazda sülh arzulayırmı?

 

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri NATO-nun Vaşinqtonda keçiriləcək sammitində və 75 illik yubileyində iştirak etmək üçün ABŞ-yə dəvət olunublar. Onun sözlərinə görə, Vaşinqtondakı NATO sammiti çərçivəsində ABŞ-nin təşəbbüsü ilə Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü də keçirilə bilər: “Bu hadisədən Rusiya bir o qədər razı qalmadı. Müəyyən reaksiyalarla öz münasibətini bildirdi. Lakin görüldüyü kimi, hər iki ölkənin xarici işlər nazirləri yubiley sammitində iştirak üçün ABŞ-yə səfər edir. Hətta ola bilsin ki, məhz ABŞ-nin təşəbbüsü ilə Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçirilsin. Ancaq bu gerçəkləşsə belə, inanmıram ki, bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər hansı bir töhfə versin. Ermənistan və onun havadarı kimi çıxış edən ABŞ-nin istəyinə rəğmən, Azərbaycan saziş üçün hüquqi təminat tələb edir. Bunun üçün də Ermənistan konstitusiyanın dəyişdirilməsinə ehtiyac var. Çünki bu ölkənin müəyyən hüquqi-siyasi norma və qərarlarda Azərbaycana qarşı ərazi iddiası var”.

ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olmasında nə qədər maraqlı olmasına gəlincə, politoloq qeyd edib ki, Vaşinqtonun məqsədi seçkilərə qədər özünün geosiyasi uğurlarından danışmaqla bərabər, həm də Moskvanı müəyyən mənada kölgədə qoymaq və zəiflətməkdir: “Oktyabrda ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu günə kimi Bayden administrasiyasının hərbi-siyasi baxımdan ciddi bir uğuru yoxdur. Bu səbəbdən ABŞ əhalisinə təqdim etmək üçün göstəriciyə ehtiyac var. Bu uğurlardan biri də Azərbaycan və Ermənistan arasında niyyət protokolu kimi sülh sənədlərinin imzalanması ola bilər. Paralel olaraq, ABŞ həm də İsrail-HƏMAS arasında davamlı atəşkəsin nail olunmasına çalışır. Bütün bunlar sözügedən ölkənin siyasi maraqları kontekstində baş verir. ABŞ-nin tələsməkdə məqsədi seçkilərə qədər özünün geosiyasi uğurlarından danışmaqla bərabər, həm də Rusiyanı müəyyən mənada kölgədə qoymaq və zəiflətməkdir. Lakin bu yöndə konkret uğurlar yoxdur”.

N.Miri deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər bəllidir: “ABŞ dövlət katibi Antoni Blinkenlə sonuncu telefon danışığında Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Vaşinqtona yönəlik bir jest etdi. Prezident vurğuladı ki, indiyə qədər razılaşdırılmış məqamalar Ermənistanla paraflana bilər. Sonra şərtlər yerinə yetirilərsə, sülh sazişi imzalana bilər. Bunun üçün müqavilənin yekun nəticələri ilə bağlı mətnin tamamılə razılaşdırılmasına ehtiyac var. Bu mətndə də sadəcə sülh, sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlər ehtiva olunmur. Bu, daha geniş aspektdə olan bir mövzudur”.

Избранный
115
50
musavat.com

10Источники