Bakı, 11 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artıb. İstifadə olunmuş investisiyanın 5 milyard 587 milyon manatı və ya 49,8 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1 milyard 342,6 milyon manatı (12 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 315,8 milyon manatını və ya 83,1 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 8 milyard 90,5 milyon manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.