Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampla növbəti debat raundunun keçirilməsinin vacibliyini açıqlayıb...
Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Harris bu barədə Nyu-Yorkda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Qeyd edək ki, bundan əvvəl birinci debatı uduzan Tramp Harrislə yenidən debat çıxmaqdan imtina etmişdi.
“Bizim başqa müzakirəmiz lazımdır. Rəqibim onlardan qaçmaq üçün səbəb axtarır, amma razılaşmalıdır. Seçki gününə qədər Amerika xalqı və seçiciləri ilə bir daha görüşmək öhdəliyimiz var”, deyə Harris tətrəfdarları qarşısında çıxışı zamanı bildirib.
Xatırladaq ki, Donald Tramp və Kamala Harris arasında debatın ilk raundu sentyabrın 10-da baş tutub. CNN/SSRS sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i xanım Harrisin qalib gəldiyini bildirib.
Birinci debatdan dərhal sonra ABŞ-ın keçmiş prezidenti NBC və ya Fox News telekanalında ikinci tura razılaşacağını bildirib. Bununla belə, Kamala Harris israr edir ki, CNN şifahi duelin təşkilatçısı olmalıdır. Onun kampaniyası tərəfindən ilkin olaraq təsdiqlənmiş debat tarixi 23 oktyabrdır.
“Yeni debatla bağlı problem ondadır ki, artıq çox gecdir, səsvermə artıq başlayıb”, deyə Tramp Wilmingtonda keçirilən mitinqdə təklifə cavab verərkən deyib.
Poliqon.info