AZ

Paşinyan BMT-də pozitiv artist rolunda: Sülh istəyən ölkə niyə silah alır?

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı pozitiv nitqi ilə fərqlənib.

O bildirib ki, qonşu ölkələri günahlandırmaqdansa, diqqətini imkanlara yönəldəcək və bu, müsbət düşüncə və imkanlar haqqında söhbətlər üçün əsas yaradacaq.

Paşinyanın çıxışı o dərəcədə pozitiv tonda olub ki, onu Ermənistandakı opponentləri də tənqid etməyə başlayıblar.

AGACAN.jpg

Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, “Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Dzyunik Ağacanyan deyib ki, Paşinyanın Nyu-Yorkdakı çıxışı dövlət xadiminin bəyanatından çox, məzhəb hərəkatının rəhbərinin moizəsinə bənzəyirdi:

“Onun çıxışı pafoslu və mahiyyətdən kənar idi. BMT-nin sammiti təhlükələri, o cümlədən təhlükəsizlik təhdidlərini müzakirə etmək üçün təşkil edilib. Lakin təəssüflər olsun ki, dövlətimizin başında duran şəxsin çıxışı dövlətinin problemlərinin həllində, bu maraqların beynəlxalq aləmdə təbliğində maraqlı olan dövlət xadimindən daha çox məzhəb hərəkatının rəhbərinin moizəsini xatırladırdı”.

Ağacanyan bildirib ki, Paşinyanın çıxışı onun dəvəquşu siyasətinə tam uyğundur və de-fakto hər şeyin yaxşı olacağını söyləməyə və buna inanmağa çağırıb.

“Təbii ki, belə çıxışın beynəlxalq arenaya heç bir təsiri yoxdur. Bu tribunadan hər bir ölkə öz problemlərini, öz mövqeyini ortaya qoydu. Bu da qarşıdan gələn il üçün xarici siyasətin başlanğıc nöqtəsi hesab olunur. Bu baxımdan baş nazir Nikol Paşinyanın çıxışının məzmunundan danışmaq mənasızdır. Belə bir təəssürat yarandı ki, bu, onun Nyu-Yorkda olma faktını əsaslandırmaq üçün tələsik hazırlnamış bir çıxışdır. Amma aydındır ki, səbəb bu deyildi (Gələcək Sammitdə iştirak etməmək)”, - o qeyd edib. 

Ağacanyanın sözlərinə görə, Paşinyanın məqsədi Azərbaycan Prezidenti İlham Əliyevlə Nyu-Yorkda görüşmək olub.

MNHEN.jpg

Paşinyan çıxışında deyib: “Keçmişi dəyişdirə bilmərik, bu gün də çox şeyi dəyişə bilmərik, çünki bu gün müəyyən dərəcədə keçmişin bir hissəsidir, lakin gələcəyin formalaşdırılması bu günün ən mühüm vəzifəsidir”.

O qeyd edib ki, erməni tərəfinin də gündəliyi məlumdur: sülh, təhlükəsizlik, rifah, azadlıq, ədalət, insan haqları, süni intellekt, iqlim dəyişikliyi.

“Bununla belə, xüsusilə vacib olan, gələcəyə baxışımızı hansı konsepsiyaya əsasladığımız və ona uyğun olaraq onu necə qurduğumuzdur. Qəribə görünə bilər, amma gələcək üçün edə biləcəyimiz ən vacib şey müsbət hekayələr yaratmaq və ona diqqət yetirməkdir", - deyə Paşinyan bildirib.

Bugünkü qlobal böhranın səbəblərindən biri kimi o, beynəlxalq formatların uzun müddətdir ki, qarşılıqlı ittihamlar və təhdidlər meydanına, böhranların və çıxılmaz vəziyyətlərin baş verdiyi və ya elan olunduğu məkana çevrilməsini göstərib:

“Həm mənim, həm də digər liderlərin beynəlxalq platformalarda səsləndirdiyi müsbət çıxışları xatırlamaq mənim üçün çətindir və bunun obyektiv səbəbləri var. Müsbət diskussiya üçün material azdır. Adətən biz BMT-yə hər şeyin pis olacağını bəyan etmək üçün gəlirik, çünki bunu təsdiqləyən faktlar çoxdur və onları tapmaq çox səy tələb etmir”.

Əksər ekspertlərə görə, Nikol Paşinyanın BMT tribunasından etdiyi bu çıxış siyasi artistlik nümunəsidir. Sülh müqaviləsinin imzalanmasını hər bəhanə ilə uzadan Paşinyan dünyaya özünü və hökumətini konstruktiv, sülhpərvər və pozitiv göstərməyə çalışır.

Elə isə bəzi məqamları Paşinyana xatırladaq. Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy "SputnikARM"a bildirib ki, İrəvan Hindistanın 155 mm kalibrli ATAGS silah dayaqlarının yeni təchizatında maraqlıdır. Ekspert qeyd edib ki, Ermənistan həmçinin təxminən 250 milyon dollar dəyərində "Pinaka" raket buraxılış qurğularının alınmasını nəzərdən keçirir.

PİNAKA.jpg

BMT kürsüsündə sülhdən danışan Paşinyan sülh müqaviləsinin vaxtını qəsdlə uzadır, üstəlik də Ermənistanı sürətlə silahlandırır. Rəsmi İrəvan öz açıqlamalarında sülhdən yana olduqlarını bildirsə də, əməllərində bu görünmür.

Bir az da əvvələ qayıdaq. Sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirib. Ondan iki gün sonra isə ölkənin müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib.

Caliber.Az-a mötəbər mənbələrdən daxil olan məlumata görə, Seulda danışıqlar aparılıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunub. Xüsusilə, tankların alınması imkanları nəzərdən keçirilib. Söhbət K1 və K2 Qara Pantera tankından, digər silah növlərindən gedir.

Qeyd edək ki, K2 "Qara Pantera" Cənubi Koreya ordusunun Müdafiə İnkişafı Agentliyi və "Hyundai Rotem" ("Hyundai Motors"un bölməsi) tərəfindən hazırlanmış əsas döyüş tankıdır.

Amma məsələ təkcə Cənubi Koreya ilə məhdudlaşmır. Ermənistanın silah almaq istədiyi ölkələr sırasına Yaponiya da əlavə oluna bilər. Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti bu ölkəyə gedib.

Yaponiya və Cənubi Koreya adətən fəaliyyətlərini ABŞ ilə sinxronlaşdıran ölkələrdir. ABŞ-nin Ermənistana verdiyi dəstək təbii ki, Yaponiya və Cənubi Koreyanın bu istiqamətdə fəaliyyət göstərməsi üçün bir siqnal hesab olunur.

Hələ bir müddət əvvəl Caliber.az məlumat yayaraq bildirmişdi ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.

BOİNG.jpg

Qeyd olunurdu ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.

Beləliklə, çıxışı ilə doğrudan da dini sekta rəhbərini xatırladan Paşinyanın pozitiv və sülhpərvər arzuları hələ ki, BMT kürsüsündən eşidilir. Reallıqda isə yeni eskalasiyaya hazırlaşan, hər vəchlə sülhdən yayınan Ermənistan hökumətini görürük.


Seçilən
49
45
news24.az

10Mənbələr