Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında Azərbaycanın qarşısında duran bir nömrəli vəzifəni açıqladı: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır... Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.
Beynəlxalq hüquq işləmir…
Dövlət başçısı öz çıxışında vurğuladı ki: “İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.
Həqiqətən də, bu günlərdə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxış edən dünya liderlərinin bir çoxu beynəlxalq münasibətlərdəki mövcud böhranı etiraf etdilər və BMT Təhlükəsilik Şurasında islahatların aparılmasına, qlobal təhlükəsizlik sisteminin yenidən qurulmasının vacib olduğunu dilə gətirdilər.
... Azərbaycan isə ada deyil
İlk növbədə anlamaq lazımdır ki, Azərbaycan ada deyil və qlobal təhlükəsizlik böhranı ilə yanaşı, Azərbaycanın yerləşdiyi region, qonşuluqdakı ölkələrin siyasəti rəsmi Bakını öz hərbi gücünü artırmağa vadar edir.
Şimal qonşumuz Rusiyanın Ukrayaya hücumunun əsas motivi SSRİ-nin bərpasıdır və bu müharibənin sonu hələ ki, görünmür. Kremlin Cənubi Qafqazdakı fəallığı isə nəinki azalmır, hətta Ermənistana görə daha da artır. Bakı Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaqla Moskvanın bölgədəki mövcudluğunu məhdudlaşdırdı. İrəvan isə tam əksinə, Rusiya hərbi bazasından imtina etmir, Rusiya iqtisadiyyatını ayaqda saxlamaq üçün lazımi məhsulların (qızıl və almazların) Ermənistandan keçidini təmin etməklə Rusiyanın ixracını təmin edir və regionun Kreml üçün marağını daha da artrır.
Cənub qonşumuz İran əsasən Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə ABŞ və İsraillə münaqişə vəziyyətindədir. İş o yerə çatıb ki, artıq İranın öz ərazisinə birbaşa zərbələr endirilir. Halbuki bir neçə il öncə bunu təsəvvür etmək belə çətin idi. Bu vəziyyət İranın idarəetmə sistemində böhrana səbəb olur. Hazırda İranda rəsmi dövlət strukturları ilə yanaşı, paralel dövlət qurumları (məsələn, SEPAH) da mövcuddur. Məhz sonuncular yaxın keçmişdə Azərbaycan ərazisində siyasətçilərə, İran ərazisində isə Azərbaycan səfirliyinə terror hücumları təşkil edib.