AZ

Qorxunc PROQNOZ - Yaxşın şərq müharibəsi bütün dünyada...

Bütün dünyanın gözü yenidən Yaxın Şərqə yönəlib: İsrailin oktyabrın 1-də İranın reallaşdırdığı raket hücumuna mümkün cavabı diqqət mərkəzindədir. İsrailin İrana böyük zərər yetirəcək zərbələr endirməsi variantının dünya iqtisadiyyatına təsirləri ciddi müzakirə olunur.  Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin daha da artması həm regionun özü, həm də ondan kənardakı ölkələr üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracaq.

Fondun rəsmi nümayəndəsi Culi Kozakın sözlərinə görə, Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi ehtimalı riskləri və qeyri-müəyyənliyi artırır: “Bilin ki, iqtisadiyyat münaqişənin mərkəzindədir”.

Kozak bildirib ki, İordan çayının qərb sahili, Qəzza zolağı, Livan və İsrail iqtisadi cəhətdən “ciddi təsirlənib”: “Beləliklə, demək olar ki, bir il davam edən münaqişə Qəzzanın iqtisadiyyatına dağıdıcı təsir göstərib, mülki əhali ağır sosial-iqtisadi vəziyyətlə, humanitar böhran və yetərli olmayan humanitar yardım təchizatı ilə üzləşib. İlkin rəsmi hesablamalara görə, İordan çayının qərb sahilində ÜDM 2024-cü ilin birinci yarısında 86 faiz azalıb. Onsuz da acınacaqlı mənzərə daha da pisləşib və ilkin rəsmi məlumatlara görə, Livanda 2024-cü ilin birinci yarısında ÜDM-in 25 faiz azalacağı gözlənilir”.

Onun sözlərinə görə, Livanda “münaqişənin son vaxtlar intensivləşməsi onsuz da kövrək olan makroiqtisadi və sosial vəziyyəti daha da ağırlaşdırır, münaqişə ağır insan itkisi və fiziki infrastrukturun zədələnməsi ilə nəticələnir”: “İsraildə münaqişənin başlanğıcında ÜDM 2023-cü ilin dördüncü rübündə təxminən 20 faiz azaldı, bunun ardınca bu ilin birinci yarısında yalnız qismən bərpa oldu”.

O vurğulayıb ki, Yaxın Şərq münaqişəsinin kəskinləşməsi nəqliyyat xidməti və malların qiymətinə təsir edir: “Biz vəziyyəti diqqətlə izləyirik, bu, böyük narahatlıq doğurur, çox yüksək qeyri-müəyyənlik var”.

Aydın məsələdir ki, Yaxın Şərqdə açıq müharibə, xüsusilə İranın münaqişədə iştirakı ilk növbədə neft bazarında problemlərə səbəb olacaq. İranın oktyabrın 1-də İsrailin Aşkelon şəhəri yaxınlığındakı qaz platformalarını vurmaq cəhdi İsrailin də İranın neft infrastrukturunu hədəf alacağı ehtimalını kəskin artırır. Citigroup Inc. Əmtəə Analitik Qrupu Yaxın Şərqdə proseslərin inkişafının neft bazarına təsirləri üzrə bir neçə variant üzrə qiymətləndirmələr həyata keçirib. Bunlardan neft bazarı üçün ən təhlükəlisi İranın Hörmüz boğazından keçidi bağlaması hesab olunub.

Ekspertlərin fikrincə, bu ssenari İsrailin İranın mühüm neft infrastruktur obyektlərinə zərbə endirməsi halında reallaşa bilər. Bildirilir ki, Hörmüz boğazının bağlanması “dünya neft bazarı və qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi olacaq”. Analitiklərin fikrincə, vəziyyətin bu ssenari üzrə inkişafı “neft qiymətlərində kəskin sıçrayışa - əvvəlki rekordları əhəmiyyətli dərəcədə üstələyən səviyyələrə çatmağa” səbəb ola bilər.

Lakin onlar belə bir inkişaf ehtimalını yüksək görmürlər və belə hesab edirlər ki, geosiyasi gərginlik səngidikdən sonra 2025-ci ilə yaxınlaşdıqca neft bazarı yenidən aşağı təzyiqlə üzləşəcək.

Citi qeyd edir ki, neft emalı zavodları, terminallar və elektrik stansiyaları da daxil olmaqla enerji infrastrukturu son hücuma cavab olaraq İsrail tərəfindən hədəfə alına bilər. Bu, İranda neft məhsullarının qıtlığına, həmçinin elektrik enerjisinin mümkün kəsilməsinə və hətta bəzi neft yataqlarında hasilatın məcburi dayandırılmasına səbəb ola bilər.

Bank İranın neft hasilatını sutkada 3,4 milyon barel, kondensat hasilatını isə 700 min bareldən çox qiymətləndirir. Ölkədə hasil edilən enerji ehtiyatlarının əsas hissəsi 14 neftayırma və kondensat fraksiyalaşdırma komplekslərinə düşür ki, onlar tam yükləndikdə sutkada 2 milyon barrel neft və 600 min barel kondensat emal edirlər.

Citi ekspertləri qeyd edir ki, İran neft məhsullarının əksəriyyəti ilə özünü təmin edir, lakin benzinin xalis idxalçısıdır. Ölkə əhəmiyyətli həcmdə mayeləşdirilmiş neft qazı (LPG), nafta və distillə ixrac edir.

İsrailin İrana cavab hücumunun nəticələri onun ölkənin neft sənayesinə fiziki təsir edib-etməməsindən asılı olacaq. Emal zavodlarının, terminalların və ən vacib ixrac terminallarının deyil, neft infrastrukturunun cüzi zədələnməsi sutkada 300-450 min barel həcmində neft tədarükünün itkisinə səbəb ola bilər.

Hesab olunur ki, Xarq adasındakı ən böyük ixrac terminalına hücum İranın neft sektoru üçün “daha ??böyük və daha uzunmüddətli” nəticələrə səbəb olacaq. İsrailin bu terminala zərbə endirməsi ehtimalı az hesab edilir, lakin belə bir hadisənin bazara təsiri ciddi olardı. Analitiklərin fikrincə, bu, Tehranı Hörmüz boğazını bağlamağa sövq edə bilər.

Boğaz vasitəsilə gündəlik neft və neft məhsullarının tədarükü sutkada 20 milyon bareldən çoxdur, axınların üçdə ikisi Hindistan, Çin, Yaponiya və Cənubi Koreyaya gedir.

Citi analitikləri hesab edirlər ki, Hörmüz boğazının istənilən bağlanması müvəqqəti olacaq və alternativ marşrutların inkişafına gətirib çıxaracaq. Səudiyyə Ərəbistanı və BƏƏ-nin ixracatının əhəmiyyətli bir hissəsini neft kəmərləri vasitəsilə yönləndirmək imkanı var və Oman yerləşdiyi yerə görə bu vəziyyətdən faydalanacaq.

Ekspertlərin fikrincə, bu vəziyyətdə uduzanlar İraq, Küveyt, Qətər və Bəhreyn olacaq ki, onların da Hörmüz boğazı vasitəsilə xammal tədarükünün real alternativi yoxdur. Ən pis vəziyyətdə neft gəlirləri ilə hökumət xərclərinin 90 faizini təmin edən, boğazdan keçən tədarükdən çox asılı olan İraq qalacaq.

Citi ekspertləri tərəfindən nəzərdən keçirilən başqa bir ssenari İranın Hörmüz boğazını açıq tərk edəcəyini, lakin oradan keçən xarici gəmiləri təhdid edəcəyini göstərir.

Goldman Sachs Group analitikləri hesab edirlər ki, İsrail İranın neft infrastrukturuna hücum edərsə, neft qiymətləri 20 dollar bahalaşa bilər. Goldman Sachs-ın qlobal əmtəə araşdırmalarının rəhbəri Daan Struyven CNBC-yə bildirib ki, İranın neft hasilatı uzun müddət ərzində gündə 1 milyon barel azalarsa, bu, gələn il neftin qiymətinin təxminən 20 dollar artmasına səbəb olacaq.

Bu proqnoz OPEC+un İranda azalan hasilat həcmlərini kompensasiya etmək üçün müdaxilə etməyəcəyi halını nəzərdə tutur: “Əgər bu baş verərsə, neftin qiyməti daha zəif, bir barel üçün 10 dollardan bir qədər az artacaq”.

CNBC qeyd edir ki, Yaxın Şərqdə təxminən bir il davam edən münaqişə ərzində regiondan neft tədarükü faktiki olaraq təsirsiz qalıb. Lakin İranın İsrailə raket hücumundan sonra İsrail ordusunun İranın nüvə və ya neft infrastrukturuna hücumla cavab verə biləcəyi qorxusu kəskin şəkildə artıb. Müxtəlif hesablamalara görə, İran gündə 3,4 milyondan 4 milyon barelə qədər neft hasil edir.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, digər risk İranın dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazından gəmilərin keçidinə mane olmasıdır.

BMI (Fitch qrupunun bir hissəsi) ekspertlərinə görə, tam miqyaslı müharibə vəziyyətində Brent kotirovkaları 100 dolları keçə, boğaz bağlanarsa, qiymətlər 150 dollara qədər yüksələ bilər.

Reuters ekspertlərinin fikrincə, dünya iqtisadiyyatı Yaxın Şərq münaqişəsinin təsirini hiss edib - Yaxın Şərqdə artan gərginlik onun üçün yeni çağırışlar yaradır. Onlara görə, İranın İsrailə raket hücumundan əsas faydalananlardan biri ABŞ dolları olub - son vaxtlar Amerika valyutası öz mövqeyini xeyli möhkəmləndirib. Qlobal iqtisadiyyat üçün eskalasiyanın əsas nəticəsi neftin bahalaşması olub. Oktyabrın 3-də neft qiymətləri hərbi əməliyyatların neft tədarükünü poza biləcəyi qorxusu ilə təxminən 2 faiz artıb.

Lakin eskalasiyanın uzunmüddətli qiymət artımına gətirib çıxarıb-çıxarmayacağı bəlli deyil. Məsələ ondadır ki, ABŞ yüksək neft ehtiyatlarına malikdir, OPEK ölkələrinin isə müharibənin nəticələrini kompensasiya edəcək çoxlu ehtiyat gücü var.

Ekspertlərin fikrincə, Avropa qiymət artımından daha çox əziyyət çəkəcək, çünki ABŞ-dan fərqli olaraq orada neft istehsalı minimum həddədir. Brent markalı neftin fyuçersləri hazırda 76 dollar/barel səviyyəsində satılır, bu, HƏMAS-ın İsrailə oktyabr ayında hücumu zamanı qeydə alınan 84 dollar səviyyəsindən xeyli aşağı, Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra əldə edilən 130 dollardan çox uzaqdır.

Oxford Economics hesab edir ki, Yaxın Şərq və Körfəz regionlarında enerji infrastrukturuna genişmiqyaslı hücumlara səbəb olan tammiqyaslı müharibə vəziyyətində neftin qiymətinin 130 dollara qədər qalxacağını gözləmək olar. Sonuncu, dünya istehsalının artım tempini çox əhəmiyyətli olmasa da, azaldacaq.

Onu da qeyd edək ki, İranın raket zərbələrindən sonra İsrailin əsas qaz hasilatı yataqlarında - “Leviafan” və “Tamar”da hasilat müvəqqəti olaraq dayandırılıb. Bu, Avropada qaz qiymətlərinin kəskin artmasına səbəb olub. Qiymətlər qısa müddətdə 450 dolları keçib.

Yaxın Şərqdə proseslərin İranın iştirakı ilə açıq müharibə müstəvisinə keçməsi ilk növbədə neft-qaz qiymətlərinin bahalaşması ilə nəticələnəcək. Bu, hər iki xammalın ixracatçısı olan Azərbaycan üçün böyük ölçüdə əlverişlidir: daha çox valyuta gəliri əldə olunacaq. Lakin enerjidaşıyıcılarının bahalaşmasının bütün digər sahələrdə də qiymət artımlarına gətirdiyini nəzərə alsaq, orta və ucunmüddətli planda prosesdən Azərbaycan iqtisadiyyatının da təsirlənməsi qaçılmazdır. Bu təsir ilk növbədə ərzaq bazarında sürətli bahalaşmanı ehtiva edir. Artıq sentyabr ayında dünya ərzaq qiymətləri son 18 ayda ən yüksək templə artım nümayiş etdirib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq hesabatına görə, bəzi ərzaq mallarının beynəlxalq qiymət indeksi sentyabrda avqust ayından 3,2 faiz və bir il əvvəlki müvafiq göstəricidən 2,1 faiz yuxarı olmaqla 124,4 bənd təşkil edib. Bahalaşma monitorinq olunan bütün məhsul qruplarında qeydə alınıb. Bu şəraitdə İsaraillə İran arasında açıq müharibənin başlanması qlobal ərzaq bazarında bahalaşmasını daha da sürətləndirəcək ki, bu da ərzaq təminatında idxaldan ciddi asılı olan Azərbaycan üçün heç də müsbət nəticələr vəd etmir.
 

Seçilən
99
11
hit.az

10Mənbələr