Şəki, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilər əvvəlcə Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anıblar.
Anım tədbiri Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Şəki şöbəsinin sədri Gülnarə Mustafayeva, şəhid anası, Əməkdar müəllim Dursun Cavadova, 2-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Mehman Əbdürəyimov çıxış ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü gedən vətənpərvər gənclərimizin igidliyi nəticəsində tariximizə yazılmış şanlı salnamədir. Qeyd edilib ki, son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri tərəfindən şəhidlərin ailələri ilə görüşlər keçirilib, onların məzarları ziyarət edilib.
Rayon ərazisində şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası da keçirilib.