Bu gün Samuxda Şəhidlər Kompleksinin önündə Anım Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə icra başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Samux RİH başçısı Firdovsi Əliyev tədbirdə çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında 44 gün ərzində düşmən kapitulyasiya edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi yazıldı. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də “Dəmir yumruq” əməliyyatı adlandırılıb.
Çıxış edən digər natiqlər də şəhid və qazilərə, Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan danışıblar.
Saat 12:00-də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb və səs siqnalları verilib.
Daha sonra Samux RİH və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə açıq səma altında məktəblilərin rəsm sərgisi keçirilib.
Tədbirin sonunda Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bu il də ağacəkmə aksiyası keçirilib. Rayonun Ziyadlı kəndində Kür çayına gedən yolun ətrafına 1000 ədədə yaxın şam ağacı əkilib.