Adana, 4 oktyabr, AZƏRTAC
Avropanın aparıcı silah istehsalçılarından biri olan Türkiyənin “Sarsılmaz” şirkəti Adana şəhərində keçirilən “TEKNOFEST-2024” Aviasiya, Astronavtika və Texnologiya festivalında öz məhsullarını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Adana sakinlərinə və qonaqlara tapança və tüfənglərlə yanaşı, “Sarsılmaz” şirkətinin mühəndislərinin TUSAŞ firmasının mütəxəssisləri ilə birgə hazırladıqları 20 və 25 millimetrlik kiçikçaplı zenit silahları nümayiş etdirilib. Bu qurğular Türkiyənin “T-129 ATAK” hücum helikopteri və hərbi gəmilərində quraşdırılır.
“Sarsılmaz” şirkətinin mütəxəssisləri yerli “HÜRKUŞ” təlim təyyarələri üçün 12,7 millimetrlik sursat asma qurğusu da hazırlayıb.
“SAR 9” ailəsinə aid tapançalar, həmçinin “SAR 127 MT” və “SAR 762 MT” ağır pulemyotları şirkətin müştəriləri arasında xüsusilə məşhurdur.
Bu gün şirkət dünyanın 80-dən çox ölkəsini silahla təmin edir və sifarişlərin həcmi durmadan artır.
“Sarsılmaz”ın nümayəndələri vurğulayıblar ki, şirkətin strateji məqsədi Türkiyənin müdafiə təyinatlı məhsullar idxalından asılılığını minimuma endirmək və ölkənin qlobal silah bazarında payını artırmaqdır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Adana