AZ

Yaxın Şərq münaqişəsinin “gizlinlər”i nədir?..


Yaxın Şərqdə baş verən son olaylar yenidən Ukrayna-Rusiya müharibəsini arxa plana keçirdi, diqqətlər təzədən şimaldan cənuba yönəldi...

Bəs nə baş verir bu regionda? Əslində heç bir ərəb-İsrail müharibəsi yoxdur, Təl-Əviv radikal-terrorçu təşkilatlarla və bir də İranın təsiri altında olan bu qəbildən olan strukturlarla vuruşur – hər halda, biz bu sətirləri yazarkən regiondakı hərbi-siyasi teatr bu vəziyyətdə idi.

Bəli, qonşu İran yenicə İsraili “bombalamışdı” və hamı Təl-Əvivin cavabını gözləyirdi, ən azı ona görə ki, İsrail rəsmiləri belə bir cavabın olacağını iddia edirdilər.

Əslində isə Tehranın İsrailə qarşı indiki hücumu da bir neçə ay bundan əvvəlkindən elə də fərqlənmədi – bu dəfə də belə təsəvvür yarandı ki, İran nəsə etməli və özünə Yaxın Şərq müttəfiqlərinin gözündə bir növ  bəraət qazandırmalı və reabilitasiya olunmalı idi ki, onlar deməsinlər ki, bəs Tehran müharibə meydanında bizi tək qoydu!

Amma ən müxtəlif KİV-lər, özü də xarici media strukturları belə xəbərlər yaydılar ki, bəs İran guya əvvəlcədən ABŞ-ı xəbərdar edibmiş ki, o, İsraili bombalayacaq. Bəlkə də müasir müharibənin tələbləri budur, amma səmimi şəkildə etiraf edirik ki, biz bu məqamı o qədər də başa düşmədik. Məgər İsrail İran ərazisində, Livanda əməliyyatlar keçirib radikal-terrorçu təşkilatların liderlərini aradan götürəndə kimisə xəbərdar etmişdimi? Həm də hərbi əməliyyatlar qəfil və gizli olanda daha effektli olmurmu? Bir neçə ay bundan əvvəl də İran İsraili raket atəşinə tutarkən onun tamam effektsiz olması və hətta Təl-Əvivin bu hücumu “atəşfəşanlıq” adlandırması onunla izah olunmuşdu ki, İsrail və müttəfiqləri bu hücumu gözləyirdilər, ona görə də ona çox ciddi şəkildə hazırlaşmışdılar...

Bir sözlə, bizə elə gəlir ki, yenə də çox böyük oyun gedir. Elə bu səbəbdən də düşünürük ki, bəzi gözləntilərin əksinə olaraq ciddi İsrail-İran müharibəsinin başlanmasının ehtimalı elə də böyük deyil – hər iki tərəf biri-birindən ehtiyat edir. Amma kimi bilir? Bütün hallarda, unutmaq olmaz ki, İsrail rəsmiləri İrana cavab veriləcəyini bildirirlər.

Üstəlik, hiss olunur ki, İranın özündə də İsrailə qarşı müharibə ilə bağlı ikitirəlik var və bu hələ özünü İsmayıl Haniyə öldürülərkən göstərmişdi – bəli, “müharibə partiyası”na ali dini lider S.Ə. Xameneyi, “sülh partiyası”na isə yenicə seçilmiş prezident Məsud Pezeşkian başçılıq edir. Sonuncu Qərblə danışıqların və barışığın tərəfdarıdır.

Amma Tehranın İsrailə qarşı son raket hücumlarından sonra Qərb İrana qarşı münasibətini bir az da kəskinləşdirib ki, bunun da müəyyən qədər çəkindirici amil kimi çıxış etməsi və İranı “başqa fikirlər”ə düşməkdən yayındırması istisna olunmur.

Burada daha bir maraqlı detalı da qeyd etməmək olmur. Belə ki, İranın İsraili raket hücumuna tutmasına az qala, bütün Qərb reaksiya verdi, ABŞ və müttəfiqləri bir tərəfə, BMT və Aİ də sərt münasibət sərgilədilər bu məsələyə münasibətdə. Biz qətiyyən buna qarşı deyilik, amma bir detalın üzərindən sükutla keçmək olmur: axı müharibə bir neçə aydır ki, davam edir və fələstinlilərin xeyli itkiləri var, bəs bu vaxta qədər BMT və ATƏT harada idi?..

Bir daha münaqişənin “perspektiv”lərinə gəldikdə, yenə də deyirik ki, hələ total ərəb-İsrail müharibəsinin əlamətləri görünmür. Heç İran-İsrail müharibəsinin də ehtimalı böyük deyil. O ki qaldı bəzi ekzotik proqnozlara, məsələn, guya İsrailin növbəti hədəfinin Türkiyə olacağı kimi gümanlara, bunun ehtimalı demək olar ki, sıfıra bərabərdir, yəni ki, Təl-Əviv heç bir halda Ankaraya qarşı nəsə etməz. O başqa məsələdir ki, qardaş Türkiyə İsrailə qarşı sərt siyasət yürüdür və hətta HƏMAS kimi terrorçu təşkilatları terrorçu hesab etmir. Sonuncunu bir neçə aspektdən başa düşmək olar.

Birincisi, qardaş Türkiyə müsəlman dünyasının lideri olmağa, o cümlədən də varlı ərəb dövlətlərinin xüsusi simpatiyasını qazanmağa iddialıdır. İkincisi, İsrailin regional güc olmaq iddiaları da Ankaranı qıcıqlandırır, çünki Türkiyənin özü bu rola çox iddialıdır. Üçüncüsü, Ankaranın HƏMAS kimi terrorçu təşkilatları terrorçu hesab etməməsi zənnimizcə, onunla bağlıdır ki, Təl-Əviv də kürd terrorçularına qarşı və ümumiyyətlə, “kürd məsələsi”lə bağlı Türkiyənin maraqlarına cavab verən siyasət sərgiləmir...

Nəhayət, gələk, Yaxın Şərq münaqişəsinin Azərbaycan üçün nəticələrinə. Əlbəttə, biz bu məsələdə tərəf deyilik və münaqişə iştirakçılarını sülhə çağırırıq. Amma Tehrandan vaxtaşırı gələn hədələri də nəzərə almamaq olmur, baxmayaraq ki, bir çox hallarda bu hədələrin kökünə getmək və onların doğru olub-olmamasına tam yəqinlik əldə etmək olmur. Bəli, Tehranın bizə - Azərbaycana münasibəti bəllidir. Amma bir məsələni qəti başa düşmək olmur: əgər İran yəhudi-xristian dünyasını, ABŞ-ı və ümumilikdə də Qərbi təhdid etmək istəyirsə, daha yaxşı olmazdımı ki, o, bunun üçün erməniləri və Ermənistanı hədələsin, axı sonuncular Qərbə də və bütün xristian dünyasına da bir “köynək” daha yaxındır! Amma İran belə etmir, o, özünə düşmən qismində, hətta İsrailin və ABŞ-ın yaxın müttəfiqi qismində Azərbaycanı görür, halbuki onun Bakıya qarşı hədələri qardaş Türkiyədən başqa heç kimi narahat etmir! Halbuki onun ermənilərə qarşı təhdidləri daha təsirli ola bilərdi, çünki bu halda “məzlum və kiçik erməni xalqı” kimi əfsanələr işə düşə bilərdi. Di gəl, bir daha deyirik ki, qonşu Tehran nəinki bunu etmir, hətta ermənilərlə və Ermənistanla yaxınlaşmaqçün bütün fürsətlərdən istifadə edir. Bunun özü də elə son Yaxın Şərq münaqişəsinin fonunda da bir daha onu sübut edir ki, əslində “müsəlman həmrəyliyi” Tehran üçün ən axırıncı yerdədir və bəlkə də ən sonuncu bir məsələdir...

Seçilən
112
50
musavat.com

10Mənbələr