AZ

İrəvandan təşviş yaradan “partlayış” açıqlaması – “Əgər gerçəkdirsə, deməli, Azərbaycan…”

Ermənistanda seysmik stansiya İranda 4,6 bal gücündə seysmik hadisə aşkarlayıb. Tədqiqatçılar qeyd edirlər ki, onun seysmik sıxılma dalğası yoxdur, bu da hadisənin zəlzələdən çox, partlayışla uyğun olduğunu təsdiqləyir.

Seysmik aktivliyin mərkəzi İranın Kəvir səhrasında olub və nüvə sınağına bənzədiyi bildirilir.

Heç bir afterşok qeydə alınmayıb ki, bu da təbii seysmik fəaliyyətdən daha çox partlayışa işarə edən başqa bir ipucudur.

İran nüvə silahı əldə edib? Bu baş veribsə, regionda güc balansı necə dəyişəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, İranın nüvə silahı əldə etməsi ilə bağlı spekulyasiyalar uzun müddətdir davam edir:

“Hətta ötən ilin mart və aprel aylarında İranın bölgədə əl yüksəltməsində əsas səbəb olaraq məhz nüvə silahına yiyələnməsini göstərirdilər. İran zatən 2018-ci ildə Ruhani dövründən başlayaraq uranın zənginləşdirilməsini 90%-ə qədər artırıb ki, bu da başlıq əldə edilməsi üçün lazım olan həddə çox yaxındır.

Natanz nüvə obyektində olan sentrifuqaların da aktiv fəaliyyəti, Ərakda yerləşən su reaktorunda əldə edilən suyun artıq xaric edilməməsi bu ehtimalları daha da artırır. Digər tərəfdən getdikcə İranın proksi güclərinin İsrail tərəfindən iflic vəziyyətə gətirilməsi Tehranı yeni çəkindirmə gücünə yiyələnməyə vadar edə bilər. Çünki İran indiyə qədər öz siyasi strategiyasında əsas çəkindirmə gücü və İsrailə qarşı mübarizə metodu kimi proksi güclərinə güvənib. Bu həm də İranın İraqla müharibədən sonra irəli sürdüyü əsas hibrid müharibə modeli idi. Yəni Tehran 8 ilə yaxın davam edən, böyük itkilərə səbəb olan, lakin nəticəsiz bitən İraqla müharibədən sonra savaşın öz ərazisindən kənarda olmasını, savaşın İran sərhədlərindən uzaqlaşdırılaraq İsrail sərhədlərində saxlayan və uğurlu adlandıra biləcəyimiz bir hibrid müharibə modeli təqdim etmişdi.

Natanz nüvə obyekti

Lakin proksi şəbəkənin sıradan çıxarılması İranı yeni çəkindirmə gücü yaratmağa vadar edir. Nəzərə alsaq ki, İranın qarşısında rəqib olan İsrail texnoloji cəhətdən ondan xeyli üstündür. Hava gücünə görə isə İsrail yalnız regionun yox, dünyanın ən müasir və güclü aviaparkına sahibdir”.

Ekspert deyib ki, İranın ballistik raket imkanları olsa da, bu, hücumdan çox, müdafiə xarakterlidir:

“İsrailin yanında yəhudi lobbisinin böyük təsirə malik olduğu ABŞ və Britaniya kimi hərbi gücləri də nəzərə alsaq, İran tərəfi bu güclər qarşısında adi konvensional silahlar və ya ballistik raketlərlə uzun vədədə çəkindirmə yarada bilməyəcəyini anlayır. İranın son zamanlar proksi şəbəkəyə qarşı edilənlərə səssiz qalmasında digər səbəb kimi bu dumanlı vəziyyətdən istifadə edərək İsrailin diqqətini yayındırmaq və maksimum şəkildə nüvə başlığı əldə etməklə strateji dəyişikliyə nail olmaqdır.

Lakin hesab edirəm, İran İsrailə cavab vermək məcburiyyətində qalıbsa, deməli, hələ yekun nüvə başlığı əldə etməyib, bununla bağlı sınaqlara davam edir. Çünki İran əks halda proksi şəbəkəsini qorumaq ehtiyacı hiss etməzdi. İsrail elitasının İranın nüvə obyektlərinə zərbə endirilməsi ilə çağırışları onu deməyə əsas verir ki, Tehran yekun başlığı hələ əldə etməyib, amma buna yaxındır və İsrail bu durumun qarşısını nə yolla olursa olsun, almaq istəyir. İran isə Trampın mümkün qayıdışına qədər başlığı əldə etməyə cəhd edə bilər.

Əgər İran həqiqətən də nüvə başlığı əldə edibsə, hesab edirəm ki, Tehran İsrail kimi nə təsdiq, nə də inkar strategiyasına üstünlük verəcək. Bu strategiya kifayət qədər uğurludur. Təsdiq etməməklə sən özünə qarşı təzyiqləri önləyirsən və nüvə silahının qadağan edilməsi anlaşmasına imza atmırsan. İnkar etməməklə də silaha sahib olan ölkə qarşı tərəfi qeyri-müəyyən vəziyyətdə saxlayır və çəkindirmə strategiyasını izləyir. Lakin təsdiq olunmasa belə ABŞ və İsrail kəşfiyyatı silahın əldə edildiyi qənaətinə gəlsə, buna necə reaksiya veriləcəyi qeyri-müəyyəndir. Son olaraq bunkerlerdə yerləşən İranın nüvə obyektlərini adi bunker dağıdan silahlarla məhv etmək çətindir.

İranın nüvə silahı əldə etməsi ehtimalı Azərbaycan üçün də təhdiddir. Çünki belə olan halda “sendviç effekti”nə bənzər bir vəziyyət yaranacaq: Azərbaycan iki neoimperial və iki nüvə gücü arasında yerləşəcək yeganə dövlət olacaq ki, bu da ölkəmizin xarici siyasət reflekslərinə təsir edə bilər.

Rusiya Təhlükəsizlik Şurasının baş katibi Sergey Şoyqunun İrana son iki səfərindən sonra Tehranın Moskvadan nüvə texnologiyaları istədiyi iddia olunurdu. Doğrudur, indi Rusiya İrandan hərbi sursat və dron baxımından asılıdır və ola bilər ki, Tehran bu fürsətdən yararlanmaq istəyir, amma İran kimi ekspansionist bir dövlətin nüvə silahı əldə etməsində Rusiya da maraqlı deyil”.

Seçilən
116
50
turkustan.az

10Mənbələr