“İranın İsrailə raket hücumundan sonra Təl-Əvivin anonsunu verdiyi cavab zərbəsinin hələ də baş tutmaması diqqət çəkir.
Cavabın gecikmə səbəbi ilə bağlı bir sıra versiyalar səsləndirilir. Məsələn, İranın hücumu zamanı İsrailin 20 ədəd F-35 qırıcısının sıradan çıxarılması, ABŞ-ın bu hücuma icazə verməməsi, Tehranın cavab zərbəsi halında ABŞ-ın və İsrailin müttəfiqi olan ölkələrin neft bazarlarını vurmaqla hədələməsi ehtimal səbəblər sırasındadır”.
“Yaxın Şərqdə baş verən hadisələr dünyanın iqtisadi, siyasi sisteminə köklü şəkildə təsir edir. Eyni zamanda Yaxın Şərqdə baş verən hadisələr bir daha onu göstərdi ki, dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir. Kim güclüdürsə, o haqlıdır fəlsəfəsi ilə tənzimlənir. Ümumilikdə, Yaxın Şərqdə baş verən hadisələri körükləyən Birləşmiş Ştatlardır. Əgər Birləşmiş Ştatlar İsrailə həm siyasi, həm də hərbi dəstək verməsə, bu zaman İsrail bu cür geniş miqyaslı hərbi əməliyyatları aparmaq imkanlarına malik deyil. Birləşmiş Ştatlar münaqişəni körükləməklə münaqişənin əhatə dairəsini genişləndirməkdədir. İranı münaqişəyə cəlb etmək və İranı bir dövlət olaraq öz təsirlərinə almaq məqsədləri var”.
Tezadlar.az xatırladır ki, bu fikirləri mediaya açıqlamasında siyadi şərhçi Azad Məsiyev deyib. A.Məsiyev qeyd edib ki, uzun müddətdir ki, Birləşmiş Ştatlar və Qərb koalisiyası İrana sanksiya tətbiq etməklə iqtisadi cəhətdən zəiflətmək istəyirlər. “İran daxilində iğtişaş, inqilab yaratmaq və İran rejimini dəyişməklə öz təsirlərinə almaq istəyirlər. Təbii ki, illər ərzində bu sanksiya özünü doğrultmadı. Çalışırlar ki, İranı münaqişəyə cəlb etməklə, hərbi cəhətdən müdaxilə edərək öz təsirlərinə alsın. İranda da düşünən beyin mərkəzləri var və bu münaqişədən yayınmaq istəyir. İran üçüncü tərəfə dəstək verməklə “HƏMAS”, “Hizbullah” kimi təşkilatlara dəstək verməklə münaqişənin İran ərazisindən kənarda aparılmasında maraqlıdır. Təbii ki, bunlara baxmayaraq İsrail HƏMAS və Hizbullahı bəhanə edərək İranın daxilinə zərbələr endirir. Təbii ki, İran tərəfinin də buna adekvat cavab vermək haqqı var. Son hadisələr bir daha onu göstərdi ki, İranla hərbi dildə danışılarsa, bu həm İsrail, həm də Birləşmiş Ştatlara baha başa gələcəkdir. Çünki İran dövləti həm də ideoloji dövlətdir, uzunmüddətli hərbi sənayesini təkmilləşdirmiş müasir texnologiyaya malik olan bir dövlətdir. İranın özünü müdafiə etmək haqqı var. Bu, beynəlxalq hüquqa görə əsas verir. Lakin buna baxmayaraq, bu gün Yaxın Şərqdə beynəlxalq hüquq öz təsirini itirir. Bu baxımdan İran tərəfindən İsrailə atılan raketlərin bir qismi hədəfə dəysə də, təbii ki, İsrail tərəfi ona adekvat cavab vermək bəyanatı ilə çıxış edir. Hesab edirəm ki, İsrail dəqiq kəşfiyyat məlumatları əldə edərsə, İranın daxilində müəyyən hərbi sənaye kompleksini vurmaq istəyi olacaqdır. Buna nə qədər nail olacaq, bunu isə zaman göstərəcəkdir. Yaxın Şərqdə proseslər getdikcə daha da kulminasiya nöqtəsini alır”, -deyə Məsiyev fikrini tamamlayıb.