“Hər səni görəndə, hər adın gələndə yadıma rəhmətlik Əbdürrəhim bəy Haqverdiyevin eyni adlı “Papaq” kinofilmində də əks olunmuş Mirzə Səfər obrazı gəlirdi... Təhsil şöbəsində baş müfəttiş işlədiyin dövrdə sən də çox savadsız, amma arxalı, üzlü kəslərə yerini göstərib “Həsən ağanın qohumusan, gəl min boynuma” demişdin...”
“Sənə, sənin ağlına, zəkana, istedadına, sözünə, işinə düzgün, ədalətli dəyər verilsəydi, şöhrətli bir yazıçı da, şair də olardın... Xalqın yazıçısı, xalqın şairi...”
Bir ağ atlı oğlan vardı kəndimizdə... Müəllim vardı, ustad vardı... Əslixan Hüseynoğlu... Atası Hüseyn kişi də atlıydı, yaraqlıydı, özü də... O dağlarda, meşələrdə ovladığı bildirçin də, kəklik də dadlıydı, danışdığı, sətirlərə, misralara düzdüyü sözləri də... Bir ağ atlı oğlan vardı kəndimizdə... Boy-buxunlu, yaraşıqlı... Həm də tüfəngli- yaraqlı... Saysız-hesabsız yağı gəldi, bombaladı, viran qoydu kəndimizi... Qeyri-bərabər döyüşdə, o da bizimlə birgə evini də, atını məcbur oldu, qoydu gəldi... Neçə dərdlə ürəyini oydu - gəldi... Fəqət, yenə ağlamadı, sızlamadı... Mərd-mərdanə, halal müəllim maaşıyla yaşadı... Ailəsinin, övladlarıının yükünü bir kişi kimi daşıdı... Bir gün qəfil əllərini bu dünyadan üzdü – getdi... Neçə dərdə dözdü- getdi... Dərdlərini, sözlərini sətirlərə, misralara düzdü –getdi... Övladlara, bacılara, qardaşına gündəlik dərd olan, müşkül olan, iş artıran kor düyünü çözdü – getdi... Qəlbimizi üzdü – getdi... Ağ atıyla süzdü - getdi...
Əslixan müəllim... Bu gün bizləri tərk edib Haqq dünyasına qovuşmağından düz 40 gün ötür... Əziz Laçınımızın doğma Ağanus kəndində bizə dərs dediyin, ağ atın belində uzaq kəndlərdəki uşaqlara da bilik vermək üçün gedib-gəldiyin, qış tətili vaxtı qoşalülə, beşatılan tüfənginlə ova çıxdığın günləri də xatırlayıram...
Filoloq, dil-ədəbiyyat müəllimi olsan da, məktəbə ixtisas müəllimi gəlmədiyi üçün VI-VII siniflərdə bizə coğrafiya fənnini tədris etdin... Çox həvəslə... Necə sevdirdinsə bizə o fənni... Bir neçə gecə yatmayıb kəndimizin topoqrafik xəritəsini çəkdim... Sənə göstərəndə çox sevindin...
Daim vüqarlı, ağayana, şəxsiyyətli olduğun qədər həm də sadə, təvazökar idin... Ona görə “sən”deyə müraciət edirəm sənə... Axı Laçınımızın, kəndimizin işğalından sonra biz müəllim-şagird münasibətlərində, yaxın qohum olmaqla bərabər həm də əqidə, fikir dostu olmuşduq... Yaşımızda xeyli fərq olduğu üçün çox şeyi açıq danışa bilməsək də, son 32 ildə didərginlik, yurdsuzluq dərdi ilə bərabər daha nələr çəkdiyini, nələr yaşadığını duyur, hiss edirdim...
İki tarixi roman, neçə-neçə şeirlər, publisistik məqalələr, araşdırmalar yazdın... Romanların işıq üzü görsə də, o birilərinin çoxu dərc olunmadı... Çünki ömür boyu sadə oldun, vəzifəyə, şan-şöhrətə, var-dövlətə can atmadın.... Halbuki hamısına layiq idin... Sadəcə, 30-40 ildə də sənin kimi insanlara, ziyalılara, müəllimlərə dəyər verən cəmiyyət yetişmədi... Sənə, sənin ağlına, zəkana, istedadına, sözünə, işinə düzgün, ədalətli dəyər verilsəydi, şöhrətli bir yazıçı da, şair də olardın... Xalqın şairi yox, xalqın yazıçısı... Hətta boy-buxununa, yaraşığına görə səni filmlərə də çəkərdilər, tanınmış aktyor da olardın... Dünyanın hər cür varına-dövlətinə də yiyələnərdin... Amma sən özün öz işindən, halal maaşından savayı heç nəyə, heç nəyə can atmadın... Heç kəsə, heç bir vəzifə sahibinə yarınmadın, Əslixan müəllim... Bu səbəblərdən hər səni görəndə, hər adın gələndə yadıma rəhmətlik Əbdürrəhim bəy Haqverdiyevin eyni adlı “Papaq” kinofilmində də əks olunmuş Mirzə Səfər obrazı gəlirdi... Təhsil şöbəsində baş müfəttiş işlədiyin vaxtlarda sən də çox savadsız, təhsilsiz, amma arxalı, üzlü kəslərə yerini göstərib “Həsən ağanın qohumusan, gəl min boynuma” demişdin...
Xülasə, Əslixan müəllim, bütün yaşadıqlarına, çəkdiyin dərdlərə, bəlalara rəğmən insan gəldin, insan getdin, kişi gəldin, kişi getdin bu dünyadan.... Neçə dərdə dözdün -getdin... Qəlbimizi üzdün getdin... Elə bir ağ atlı oğlan kimi süzdün – getdin...
Fəqət, heyfslənirəm ki, son illər bu fani dünyanın iş-gücü, dolanışığı ucbatından səninlə tez-tez görüşə, dərdləşə bilmədik... Axı dilimizlə, ədəbiyyatımızla, Vətənimizin, el-obamızın tarixi ilə bağlı bir müşkülə düşəndə sənə üz tutur, səndən soruşur, səndən öyrənirdim, ustad... Səndən hələ çox şey öyrənəcəkdim, Əslixan müəllim... Amma indi də öyrənirəm, kitablarını təkrar-təkrar vərəqlədikcə, yazılarını, şeirlərini dönə-dənə oxuduqca...
Elə qəlbimin sənsizlik guşəsini bir daha odlayan 2005-ci ildə qələmə aldığın aşağıdakı şeirindən də çox şey öyrəndim.... Allah sənə qəni-qəni rəhmət eləsin, əziz müəllim, müdrik ustad...
"Ürəyimdən asılan daş...
Gözümdən sağılıb qalıb,
İçimə dağılıb qalıb,
İllərdi yığılıb qalıb,
Göz yaşımdı—
Ürəyimdən asılan daş.
Dar günümdə sipər mənə,
Səngər mənə, çəpər mənə.
Olubdu can-ciyər mənə,
Yoldaşımdı—
Ürəyimdən asılan daş.
Dərd içində boğulmuşuq,
Diriyiksə, oğulmuşuq.
Anadan bir doğulmuşuq,
Yaşdaşımdı—
Ürəyimdən asılan daş.
Yad ürəyə- yada köçməz,
Aramızdan su da keçməz,
Sirrimi, dünyada, açmaz,
Sirdaşımdı—
Ürəyimdən asılan daş.
Nə fərqi necə daşdı bu,
Silinməyən yaddaşdı bu,
Mənlə bağrıbadaşdı bu,
Qardaşımdı—
Ürəyimdən asılan daş.
O da mənimtək fağırdı,
Nə hayqırdı, nə bağırdı.
Bilirsən, niyə ağırdı?
Başdaşımdı—
Ürəyimdən asılan daş..."
Sultan Laçın