Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın paytaxtı Kiyevə elan olunmamış səfərə gəlib.
Editor.az bildirir ki, bu barədə AFP xəbər verir. Agentliyin məlumatına görə, bu gün Pistoriusun ukraynalı həmkarı Rustem Umerov və ölkə prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Bundan əlavə o, Kiyevin mərkəzi meydanında əklil qoyma mərasimində də iştirak edəcək və hərbi təlim mərkəzinə baş çəkəcək.
Bu, Boris Pistorius Almaniyanın müdafiə naziri vəzifəsinin icrasına başladıqdan sonra Kiyevə ikinci səfəridir. O, sonuncu dəfə 2023-cü il fevralın 7-də Kiyevə səfər edib.
Xatırladaq ki, dünən, noyabrın 20-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə gəlmişdi. Volodimir Zelenski ilə görüşdən sonra Ostin Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Yardıma tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.
//Samir Qurbanov, Editor.az