Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında "Mercedes-Benz", KIA və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri yanıb. Yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Xəzər TV"yə üç avtomobilin yanması ilə bağlı bəzi detallar məlum olub.
Məlumata görə, hadisə rayonun Rəşid İsmayılov küçəsi 11-D ünvanında çoxmərtəbəli binanın arxasındakı avtodayanacaqda baş verib.
Belə ki, ətrafdakı insanlar təhlükəli vəziyyətdən maşına yaxın gedə bilməyiblər. Havanın da küləkli olması alovu yaxınlıqdakı avtomobillərə keçirib.
Zərərçəkmiş sürücülərdən biri Vüqar Mənsimov bildirib ki, avtomobili yeni alıb. Yandığını isə səhər xəstəxanaya gedərkən görüb.
V. Mənsimov avtomobilini yeni alsa da, onu könüllü sığorta etdirməyib. O, avtomobilini həmin ərazidə saxlamaq üçün dayanacaq pulu ödəyib.