“Radomyak”da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
Arena.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi 15-ci turun “11-liy”inə seçilib. Rahil Məmmədovun komandası səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
“Radomyak” 15 turdan sonra 14 oyuna topladığı 16 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. “Radomyak” 14 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 10 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 20 oyuna çıxıb.