Misli Premyer Liqasının XIII turu nadir hadisə ilə əlamətdar olub.
“Kəpəz”in futbolçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub.
O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.
Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb. 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqədə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.
Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. M.Saldanya və O.Əliyevdən öncə "Zirə"nin sabiq futbolçusu Klesio Bauk “fərqlənib”. O, 2020-ci il noyabrın 22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.
Qeyd edək ki, “Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.