RU

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təmin edən şərəfli tarix

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Azərbaycan Ordusu 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdi. İşğalçı Ermənistan ordusu döyüş meydanında məğlub olaraq Kapituliyasiya Aktına imza atmağa məcbur oldu. Şanlı ordumuz 44 günlük Zəfər yürüşündə 300-dən çox yaşayış məntəqəsini azad etməklə tarixi Zəfərə imza atıb. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Üçtərəfli Bəyanat imzalandı. Məğlub tərəf kimi Ermənistan bu razılaşma ilə öz üzərinə öhdəliklər götürdü. Amma buna baxmayaraq Ermənistan tərəfi növbəti dəfə öz xislətinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı. YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, 10 noyabr Bəyanatına zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını Azərbaycan ərazisindən çıxarmaqdan imtina etdi. Azərbaycan öz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğunu bəyan edib: "Buna baxmayaraq, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisində mövcud olduğu dövrdə müxtəlif təxribat aktları icra edir, mina terroru kimi ağır cinayətlərə əl atırdı. Eyni zamanda postmüharibə dövründə məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmaqla təxribatlar törədilib. Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və kütləvi şəkildə müxtəlif yerlərdə basdırılıb. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırıb. Həmçinin bununla da kifayətlənməyərək Ermənistan suveren Azərbaycan ərazilərində silahlı təxribatlarını davam etdirib. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qrupu yaradılsa da, danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunub. Nəticədə 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşma baş verib. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə olub. 2023-cü ilin mart ayında isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törədib. Həmin ilin aprel-may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub. Sözsüz ki, separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycan cəmiyyətində də etirazlar mövcud idi. Bu xüsusda bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyasının keçirilməsi də bunun bariz nümunəsi idi. Çünki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu".

S.Hüseynova bildirib ki, 2023-cü il aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması mühüm addım idi: "Bununla da 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısı alındı. Çünki imzalanmış Kapitulyasiya Aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri hələ də saxlanılırdı. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idi. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq "prezident"lərini seçir, qondarma "parlament"ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdi. Məhz bu təxribatların davamı olaraq 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədib. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilmişdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Azərbaycan Ordusu antiterror tədbirləri zamanı böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi".
Deputat vurğulayıb ki, Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq erməni əsilli şəxslərin təhlükəsizliyi, onların sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub: "Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilib. Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldu. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb. 2023-cü ilin sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin olundu. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli dövlət bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatının nəticəsində də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan etmişlər. 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları dövlət başçısı İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini bəyan etmişdilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
90
40
olaylar.az

10Источники