RU

Rusiyalı politoloq: Gürcüstanda sabitliyi pozmaq cəhdləri, ilk növbədə, bu ölkənin Rusiya ilə yaxınlaşma tendensiyası ilə bağlıdır –ŞƏRH

Rusiyalı

Bakı, 15 oktyabr, AZƏRTAC

Şübhəsiz ki, amerikalılar tərəfindən Gürcüstanın siyasi arenasında sabitliyi pozmağa yönəlmiş bütün cəhdlər, ilk növbədə, Tbilisi ilə Moskva arasında yaxınlaşma tendensiyası ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri eksperti Yevgeni Mixaylov oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda yaranmış vəziyyəti şərh edərkən bölüşüb.

“İnanıram ki, Gürcüstanda bu il oktyabrın 26-da keçiriləcək seçkilərdə “Gürcü arzusu” partiyası qalib gələcək. Başqa cür ola da bilməz. Xalq çox gözəl başa düşür ki, “Gürcü arzusu” partiyası hər addımda düzgün siyasət yürüdür, xüsusən də milli maraqları və ənənələri qoruyan qanunlar qəbul edir. Buna müvafiq olaraq, hesab edirəm ki, heç bir xüsusi problem olmayacaq”, -deyən agentliyin həmsöhbəti hesablara nəzarət etmədən bu respublikaya xaricdən daxil olan pulların köməyi ilə Gürcüstanda hansısa irimiqyaslı iğtişaşları və dövlət çevrilişinə cəhd ehtimalını istisna etməyib.

Onun sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən bütün Qərb QHT-lərinə nəzarət və onlara maliyyə axınının monitorinqi haqqında qanun qəbul edilsə də, başa düşmək lazımdır ki, sabitliyi pozmaq üçün çoxlu nağd pul Ermənistandan gələ bilər. Çünki amerikalılar sözdə demokratik transformasiyaları dəstəkləmək bəhanəsi ilə aktiv rusofobiya fonunda oraya böyük məbləğdə vəsait köçürürlər. Agentliyin həmsöhbəti hesab edir ki, bu pulun bir hissəsi sabitliyi pozmaq üçün nağd formada Gürcüstana aparılıb.

“Düşünürəm ki, gürcü xalqı dözəcək, “Gürcü arzusu” partiyası, hətta qarşısında hansısa güclü müxalifət olsa belə, qətiyyət nümayiş etdirəcək. Çünki hökumətin təslim olması, hay-küyçülərin arxasınca getməsi, sonda “tammiqyaslı maydan” əldə etməsi və daha sonra dövləti fəlakətə aparan həmin qüvvələrin hakimiyyətə gəlməsi ilə bağlı nümunələrin şahidiyik. Gürcüstan özü üçün belə bir aqibət arzulamır, anti-Rusiya sanksiyalarını dəstəkləmək istəmir və Moskva ilə dost olmaq istəyir”, - deyən Mixaylov “Gürcü arzusu” partiyasına seçkilərdə qələbə, gürcü xalqına isə sabitlik arzulayıb.

Eyni zamanda, ekspert əlavə edib ki, sabitliyə nail olmaq çox çətin olacaq. “Gürcü arzusu”nun qalib gələcəyinə şübhəm yoxdur. Amma səslərin hesablanmasından sonra və ya indi, seçkilər zamanı nə baş verəcəyi böyük sual altındadır. Hesab edirəm ki, respublika daxilində sabitliyi pozmağa cəhdlər olacaq”.

Rusiyalı politoloq əmin olduğunu bildirib ki, amerikalıların Gürcüstanın siyasi arenasında sabitliyi pozmağa yönəlmiş bütün cəhdləri, ilk növbədə, Gürcüstanla Rusiya arasında yaxınlaşma tendensiyası ilə bağlıdır. “Bunlar, ümumiyyətlə, Qərbin “Gürcü arzusu” partiyasına qarşı irəli sürdüyü əsas ittihamlardır. Müvafiq olaraq, amerikalılar Gürcüstanda dönüş yaratmaq üçün mümkün olan hər şeyi edəcəklər. Onlar son bir ildə “Gürcü arzusu”nun ölkənin kursunu necə Rusiyaya tərəf çevirdiyini görür və maksimum səylərlə, o cümlədən sanksiyalar tətbiq edərək daxili siyasi vəziyyəti pozmağa cəhd edirlər. Hələ ki, buna nail olmayıblar. Fikrimcə, seçkilər ABŞ üçün Gürcüstanda lazımi siyasi qüvvələri hakimiyyətə gətirmək, prinsipcə, bütün Cənubi Qafqazda sabitliyi pozmaq və qeyri-sabit vəziyyəti Rusiya Federasiyasına qarşı yönəltmək üçün bir növ sonuncu mühüm döyüş olacaq” -deyə millətlərarası münaqişələr üzrə ekspert qeyd edib.

Rusiyaya gəlincə, Mixaylovun sözlərinə görə, Moskva indi Gürcüstana dost əlini uzadır və vəziyyətin necə təhlükəli olduğunu yaxşı anlayır. Politoloq bununla bağlı xatırladıb ki, bu yaxınlarda xarici işlər naziri Lavrov Rusiyanın Tbilisi, Cənubi Osetiya və Abxaziya arasında münasibətlərin yaxşılaşdırılmasına dair danışıqlarda vasitəçi ola biləcəyini bəyan edib. “Düşünürəm ki, bunlar regionda barışıq yolunda ilk addımlardır və həqiqətən də amerikalıların xoşuna gəlmir. Təbii ki, Lavrovun belə bəyanatı Gürcüstan rəhbərliyi üçün çox ümidvericidir. Onun indi hamıya, o cümlədən öz xalqına müraciət edəcəyi bir məsələ var; Rusiya ilə dostluq hələ ki, dövlət suverenliyinin tam bərpasına imkan verməsə də, heç olmasa hansısa dialoq qurmağa şərait yaradacaq”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Избранный
58
41
azertag.az

10Источники