RU

“Əliyev-Paşinyan sazişinə nüvə silahı olan ölkə qarantiya dura bilər” iddiası

Ekspert: “Beş ölkə Ukraynaya xarici hərbi müdaxilənin qarşısını almağa zəmanət vermişdi, amma...”

Tiflisin Bakı ilə İrəvan arasında sülh danışıqlarında vasitəçilik təklifinə Ermənistanın baş naziri Nikol Paşinyanın birmənalı cavabı hələ də yoxdur. “Yeni Müsavat” xəbər verir ki, Rusiyanın müxalif “novayaqazeta. eu” saytı bu mövzuda geniş məqalə dərc edib. Məqalədə politoloq Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) eksperti, “Qafqazdan xəbərlər” YouTube kanalının müəllifi Gela Vasadzenin fikirlərinə də geniş yer verilib.
“Ermənistanın baş naziri Tiflisin vasitəçiliyi ilə danışıqlara gəlməkdən niyə imtina edir” sualına politoloq belə cavab verib: “Biz bunu anlamaq üçün tərəflər arasında güc balansına baxmalıyıq. Bu gün Azərbaycanın həm güclü ordusu, həm də güclü müttəfiqi - Türkiyə var. Amma Ermənistanın daha zəif ordusu və rəsmi olaraq yalnız bir müttəfiqi var - Rusiya. Başa düşmək lazımdır ki, bunlar dostlar, tanışlar və ya sadəcə, yad adamların danışıqları deyil, bunlar 35 ildir düşmən olan iki ölkə arasında aparılan danışıqlardır. Qarabağda münaqişə 1988-ci ildə başlayıb. Ermənistanın daha güclü düşməni ilə danışıqlar masası arxasında tək oturmaq təbii ki, sərfəli deyil. Burada müxtəlif nəzəriyyələr də irəli sürmək olar ki, məsələn, Gürcüstan artıq o qədər də qərbyönlü deyil, ona görə də İrəvan Tiflisin təklifini rədd edir... Fakt budur ki, Gürcüstan bu gün danışıqlar üçün sadəcə neytral məkandır, o, yalnız vasitəçi ola bilər, sazişlərin həyata keçirilməsi üçün qarant deyil”.
“Gürcüstan bu gün danışıqlar üçün sadəcə neytral məkandır, o, yalnız vasitəçi ola bilər, sazişlərin həyata keçirilməsi üçün qarant deyil” iddiasının açması nədir? Belə anlaşılır ki, sülh sazişinə qarantiya vermək üçün mütləq, məsələn, ABŞ, Fransa və ya Rusiya kimi nüvə silahınamı sahib olmalısan?

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov erməni baş nazirin yanlış strategiyasını davam etdirdiyini söylədi: “Ermənistanın bu gün üstünlük verdiyi danışıqlar formatının qərbyönlü olması aydın sezilir. Paşinyanın Rusiyanın vasitəçiliyi ilə təmaslara maraq göstərməməsinin səbəbi Moskvadan istədiyi dəstəyi ala bilməməsi, aradakı münasibətlərin soyumasıdır. İrəvan Bakı ilə müzakirələrini Qərb institutlarının iştirakı ilə aparmaqla Fransanın nüfuzuna, həmçinin özünün qərbyönümlü siyasi kurs götürməsinə ümid edir. Ermənistanın Gürcüstanın vasitəçiliyinə ehtiyacı yoxdur. Düşünə bilər ki, Tiflis bəzi iqtisadi-siyasi məsələlərə görə Azərbaycandan asılıdır və bu neytrallığı poza bilər. Analitiklərin o fikirləri ilə razılaşmaq olar ki, həqiqətən də Azərbaycan üstün tərəfdir və öz üslubunu, şərtlərini diktə edə bilir. Bakı üçün meydanın və "arbitrin" fərqi yoxdur. Beynəlxalq hüquq və yaranmış reallıqlar Bakının xeyrinədir. Paşinyan indiki halda daha çox sülh prosesinin uzadılmasına, yaxud da Qərbin fəal dəstəyi ilə güzəştlərə çalışır. Bu gün Qərbin Azərbaycana mövqeyi təəssüf ki, Rusiyaya münasibətdə qəbul edilir. Bakı-Moskva əlaqələri genişləndikcə, Qərbin Azərbaycana təzyiqləri bir o qədər artır. Amma qərbli strateqlər bir şeyi unudurlar ki, Rusiyanın enerji təsirindən çıxmaq üçün Avropanın 6 faiz enerji tələbatını ödəyən Azərbaycanı davamlı haqsız təzyiqlərlə Rusiyanın təsirinə salmaq zərərlidir. Azərbaycanın milli maraqlarına hansı əməkdaşlıq formatı təminat verirsə, həmin formatın seçimi normal qarşılanmalıdır. O ki qaldı Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinə, beynəlxalq zaminlik məsələsində bunu də nisbi anlayış kimi qəbul etməyi doğru hesab edərdim. İlk növbədə, ona görə ki, bu gün dünyada hüquqa, ədalətə yanaşma güc və qüvvə prizmasından asılıdır. Ukrayna buna əyani sübutdur. Rəsmi Kiyevin 1992-ci ildə nüvə silahından imtinası barədə Lissabon protokoluna 5 nüvə dövləti-Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin təminatçı ölkə olaraq imza atıblar. Həmin beş ölkə Ukraynaya xarici hərbi müdaxilənin qarşısını almağa və bu baş verərsə, dəstək verəcəkləri barədə zəmanət veriblər. Nəzərə alaq ki, həmin 5 ölkə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Lakin bu gün Ukraynanın təhlükəsizliyinə və xarici hərbi müdaxilədən qoruyacağına təminat verən Rusiyanın işğalına məruz qalıb, Çin isə seyrçi mövqedədir. Bunlar acı həqiqətlərdir. Dünyada beynəlxalq hüquq normalarının kobud və açıq şəkildə pozulduğu indiki dövrdə bütün bunlar siyasi maraqlara və dünya gücləri arasında aparılan rəqabətə və mübarizəyə bağlıdır. Paşinyan düşünür ki, Rusiya qlobal güc funksiyasını itirib və dövlət olaraq gələcəyi qaranlıqdır, odur ki, Qərb və ABŞ kimi güclü müttəfiqlərlə ağır məğlubiyyətinin nəticələrini bir qədər aradan qaldırmaq vəsilə ola bilər. Məhz həmin yanlış strategiyadır ki, Moskvadan uzaqlaşır, qonşuları ilə münasibətlərin normallaşmasına can atmır. Bişkekə getməsinin əsl səbəbi də, məncə İrəvanın Moskvaya uğursuz demarşıdır. Reallıqsa ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda təkcə Moskvanın deyil, həm də Ankaranın maraqları nəzərə alınmalıdır".
Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı Azərbaycan tərəfin başlatmalı olduğu təzminat savaşına da toxundu: “Paşinyanın son açıqlamaları göstərir ki, Ermənistan nə Zəngəzur dəhlizinin açılmasına, nə bizim anklav ərazilərin qaytarılmasına, nə də Azərbaycanla sülhün bağlanmasına hazırlaşır. İndiki vəziyyətdə sülhün bağlanması ermənilərə sərf etmir. Mümkün qədər yayınırlar. Buna görə də danışıqların Ermənistan üçün Gürcüstanın və ya başqa bir ölkənin olmasının önəmi yoxdur. Nüvə dövləti olan Fransa və ABŞ da hazırda Ermənistanın tərəfindədir. Bütün gücləri ilə 30 il idi ki, işğalçı Ermənistanı dəstəkləyirdilər. İndi də çalışırlar ki, hansı yolla olursa-olsun ermənilərə dəstək olsunlar. Ancaq yenə də böyük səhvə yol verirlər. Özlərini Qafqazda Ermənistana bu cür dəstək verməkdə görürlər. Ermənilərdən Rusiya əleyhinə bir vasitə kimi istifadə edirlər. Əlbəttə ki, Azərbaycan heç bir mənada Ermənistanla müqayisə oluna bilməz. Tək ordu baxımından deyil, bütün göstəriciləri ilə. Ermənilər başa düşməlidirlər ki, uzun illərdəki xəstə təfəkkürlərindən əl çəkməlidilər və Azərbaycanla normal əlaqələr qurmalıdırlar, dinc və sülh şəraitində yaşamalıdırlar. Başqa yol onları daha böyük faciələrə gətirib çıxardacaq. Həm də biz çox yaxşı bilirik ki, Ermənistan Rusiyanın bir forpostudur. Bu günə qədər cənab Prezident Vladimir Putinlə apardığı uğurlu diplomatik danışıqlar yolu ilə sülh razılığını da əldə edə bilər. Rusiyanı razı sala bilsək, o zaman Ermənistanla da sülh sazişi imzalanacaq. Əsas təminatı Rusiyadan almalıyıq. Sülh sazişi razılığı əldə olunsa, mütləq Azərbaycana qarşı Ermənistanın başlatdığı işğalçı müharibə nəticəsində vurduğu ziyana görə təzminat ödəməsi və işğalçı müharibəni başladaraq insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması məsələsi öz əksini tapmalıdır. Siyasətdə zaman anlayışı çox önəmlidir. Biz bu məsələni qaldırmaqda yubanmışıq və heç olmasa, bundan sonra məsələni ciddi şəkildə həm Ermənistan, həm də beynəlxalq birlik qarşısında qoymalıyıq. Eyni zamanda həm də Ermənistan ona görə təzminat ödəməlidir ki, bir də qələt edib, başqa dövlətlərin ərazisini işğal etməsin və digərlərinə də dərs olsun”.

Избранный
303
50
xalqcebhesi.az

10Источники