Ermənistanı sürətli şəkildə silahlandıran Amerika Birləşmiş Ştatları bu ölkəyə növbəti hərbi dəstəyini nümayiş etdirib. Belə ki, ABŞ Milli Qvardiyası Ermənistan silahlı qüvvələrinin kiçik zabitlərinin təcrübə mübadiləsi və bacarıqlarının artırılması məqsədilə Ermənistana səfər edib.
Maraqlıdır ki, Ermənistanı silahlandıran, paralel olaraq isə Qarabağ ermənilərindən Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edən ABŞ sonuncu hərbi dəstəyini yenə də siyasi avantüra fonunda edib. Belə ki, Birləşmiş Ştatların vitse-prezidenti, noyabrın 5-də keçiriləcək seçkidə demokratların prezidentliyə namizədi Kamala Harris regionda sabitliyin bərpa olunması barədə açıqlama verib və bu istiqamətdə məhz Ermənistanı dəstəkləməyə davam edəcəklərini bildirib. Maraqlısı budur ki, Harrisin seçki qərargahı onun bu çıxışını Qarabağdan könüllü şəkildə gedən ermənilərin “öz evlərinə geri qayıdış hüququ” kimi təqdim edib və regionun sabitliyi deyərkən bu prosesin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, ermənilərin Qarabağa qayıdışı ilə bağlı əsassız bəyanatlar intensivləşib. Sonuncu dəfə sentyabrın 19-da ABŞ Konqresi tərəfindən Qarabağı könüllü şəkildə tərk edən ermənilərin beynəlxalq mandat altında ərazilərimizə guya təhlükəsiz qayıdışına çağırış edilib. İndi isə bu mövzuya yenidən toxunulub və görünən odur ki, rəsmi Vaşinqton bu istiqamətdə fəaliyyətini artırmağa başlayıb.
Buna nümunə olaraq ABŞ və Qərbin Ermənistanı silahlandırması, Qərb təşkilatlarının hərbi-siyasi dəstəyi ilə yanaşı, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırmasını da göstərmək olar.
Təbii ki, bütün bunlar kollektiv Qərbin Cənubi Qafqazda Ermənistanı öz maşasına çevirmək istəyindən qaynaqlanır. Çünki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin üzərindən xeyli müddət keçsə də, Qərb təsisatları və ölkələri ermənilərdən daha çox erməni kimi davranır, onların hüquqlarını öz hüquqları kimi müdafiə edirlər. Məlumdur ki, bu ölkə və təşkilatlar ermənilərin qara qaşına, qara gözünə aşiq olmayıblar, sadəcə olaraq, regiona müdaxilə etmək üçün ən optimal variant tarix boyu alət olmağa alışan, müstəqil siyasət yürütməyən Ermənistandır. Əks halda, məqsəd, həqiqətən də, regionun sabitliyidirsə, Azərbaycanın daxili işinə qarışmağı özündə ehtiva edən məsələlərin Azərbaycanla müzakirəsi niyə aparılmır? Məqsəd bəllidir: Qarabağı könüllü şəkildə tərk edən erməniləri və onların vətəni Ermənistanı çirkin oyunlara alət etməklə regionda məkrli planları asanlıqla həyata keçirmək. Üstəlik, bu proses Ermənistanın silahlandırılması fonunda davam edir. Deməli, sülh danışıqlarının gündəmdə olduğu dövrdə Ermənistan birbaşa və dolayısı ilə sabotajlara əl ataraq proseslərin müsbət məcrada irəliləməsinə məqsədyönlü şəkildə mane olur və buna təhrik edilir. Bu isə o deməkdir ki, Ermənistan hər zaman təxribata əl ata bilər.
Çünki presedentlər də bunu göstərir ki, istər 30 illik işğal dövrü, istər 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinə qədər keçən dövrdə Ermənistan sülhün əldə olunması üçün ciddi addımlar atmayıb. Halbuki, Bakı, qalib tərəf olmasına baxmayaraq, regionun əmin-amanlığı üçün İrəvana dəfələrlə sülh əlini uzadıb, münasibətlərin normallaşması üçün İrəvana təkliflər paketi göndərib. Ermənistana qoyulan yeganə əsas şərt isə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin konstitusiyadan çıxarılmasıdır ki, növbəti qarşıdurmalar üçün zəmin yaranmasın. Çünki bu iddialar mövcud olduqca Ermənistanın revanşizm siyasətini aktivləşdirməsi üçün əlində hər zaman bəhanəsi olacaq. Yəni Bakının bu tələbi də regionun sabitliyi üçündür və üstəlik, bu sabitlik ən çox böhran vəziyyətində olan, dalana dirənən Ermənistan üçün daha faydalı ola bilər. İrəvan isə bunun tam əksinə olaraq, özünün və havadarlarının mənfur siyasətinin bir parçası olan işğalçılıq və imperialist siyasətdən əl çəkmək istəmir. Bu isə həm müharibəni dayandıran 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatının, həm də müharibədən sonra baş tutan Brüssel və Praqa görüşlərində əldə edilən razılaşmaların ruhuna daban-dabana ziddir. Ən əsası isə – baş verən hadisələr ilk növbədə Ermənistan üçün yaxşı nəsə vəd etmir. Çünki Azərbaycan, hər şeyə rəğmən, addımlarını beynəlxalq hüquq çərçivəsində atır və ölkəmizə, eləcə də yerləşdiyimiz regiona hər hansı bir kənar müdaxiləni dəf etmək hüququnu və gücünü əlində saxlayır.
Oxu.az