AZ

Ermənilər Harrisdən də ümidini üzür

Harrisin İrəvana yazdığı təbrik məktubu seçki kampaniyasının tərkib hissəsidir və prezident seçilsə belə, Qarabağa münasibətdə çətin ki, nəsə dəyişsin...

Məlum olduğu kimi, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harrisin həftənin əvvəlində Ermənistanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasının vacibliyini, bunun guya “Azərbaycanda sabitliyin bərpası üçün son dərəcə vacib olduğunu” vurğulaması ABŞ-dakı Erməni Milli Komitəsinin məmnun edib.  ABŞ-dakı erməni diasporu hesab edir ki, Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq. Ermənilər ümid edir ki, Harris qalib gələrsə, ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı dərinləşdirə bilər. İndi isə hətta Xankəndinə qayıtmağa belə ümidləri yaranıb.

 Prezident seçkilərində  Kamala Harrisin qələbəsi halında da Ermənistan “rahat olmayacaq”. Musavat.com xəbər verir ki, bu fikri  politoloq Suren Sərkisyan Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin təşkil etdiyi “ABŞ-da seçkilər və onların postsovet məkanına təsiri” adlı dəyirmi masada çıxışı zamanı deyib.

Paşinyan

Politoloq qeyd edib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra ABŞ diplomatiyası ölkədə güclənib. Xüsusilə, Bill Klinton administrasiyası  Dağlıq Qarabağ və Ermənistan-Türkiyə münasibətləri məsələsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı fəal dəstəkləyib. Ermənistan-ABŞ münasibətləri Robert Köçəryanın  dövründə də rahat keçib. Ekspert hesab edir ki, ABŞ-ın Ermənistandakı fəaliyyətinin üçüncü dövrü Serj Sərkisyanın (“İrəvan və Ankaranın futbol diplomatiyası”) dövründə – Barak Obama administrasiyası tərəfindən və o zamankı dövlət katibi Hillari Klintonun birbaşa iştirakı ilə olub.

Lakin Tramp administrasiyası praktiki olaraq Ermənistanla münasibət saxlamayıb, hətta İrəvanla yüksək səviyyəli əlaqələr olmayıb.    Politoloq deyib ki, Harrisin İrəvana yazdığı təbrik məktubu sadəcə,  seçki kampaniyasının tərkib hissəsidir və çətin ki,  prezident seçilsə belə,  ABŞ-ın xarici siyasətinə Qarabağa münasibətdə nəsə dəyişsin.  Sərkisyan əmindir ki, Harris seçilərsə, “yeni komanda, yeni administrasiya formalaşacaq və tamamilə yeni xarici siyasət yürüdüləcək”.

Eyni zamanda, onun fikrincə, ABŞ öz fəaliyyətində  Ermənistan-ABŞ  deyil, regional gündəliyi rəhbər tutur. Sərkisyan xatırladır ki, Co Bayden administrasiyası ilə Nikol Paşinyan arasında yüksək səviyyəli təmaslar - telefon danışığı və ya ABŞ prezidenti ilə görüş olmayıb.

Politoloq hesab edir ki, “bu, Ermənistanla münasibətləri inkişaf etdirməkdə deyil, ilk növbədə Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətməkdə maraqlı olan ABŞ-ın regional gündəliyinin konturlarını göstərir”.

Sərkisyan  sonda vurğulayıb ki, Ermənistan ABŞ prezidentliyinə hər iki namizədlə bağlı “özünü aldatmamalıdır”.   

Musavat.com       

Seçilən
35
8
musavat.com

6Mənbələr