Əli Orucov: “Baydenin edə bilmədiyini Harris necə edə bilər ki?”
ABŞ-ın vitse-prezidenti Kamala Harris Ermənistanın Müstəqillik Günü münasibətilə Amerika erməni icmasına müraciətində Ermənistan və onun qonşuları arasında davamlı sülhə sadiqliyini bir daha təsdiqləyib. Sentyabrın 24-də dərc olunmuş məktubunda Harris Cənubi Qafqaz regionunda davamlı sülhə sadiqliyini vurğulayaraq deyib:
“Mən Ermənistan və onun qonşuları arasında suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət edən davamlı sülhə sadiqəm. Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin sağ-salamat öz evlərinə qayıtmaq hüququ erməni xalqının ləyaqətinin və regionda sabitliyin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Mən Ermənistanı demokratiyanı gücləndirmək və regionda sabitliyi təşviq etmək səylərində dəstəkləməyə davam edəcəyəm”.
Ancaq Harrisin belə açıqlaması erməni lobbisinin təmsilçiləri tərəfindən birmənalı qarşılanmayıb. Hay Datın Vaşinqton ofisinin icraçı direktoru Aram Ambaryan bu bəyanatı belə şərh edib: “Vitse-prezident kimi Kamala Harrisin ABŞ-ın rəhbərlik etdiyi BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Qarabağ xalqının qayıtmaq hüququ ilə bağlı fəaliyyət göstərməsi üçün tam bir il vaxtı var idi. Lakin o, bu haqda (BMT-yə üzv dövlətlərlə deyil, erməni amerikalılarla) seçkilərə cəmi 40 gün qalmış, erməni seçicilərin mühüm ştatlarda həlledici ola bildiyi vaxt danışmağa başladı”.
Görünən odur ki, ABŞ ermənilərinin özləri də Harrisin bu açıqlamasının qeyri-səmimi jest olduğunu deyirlər.
“ABŞ erməniləri bütün bunların fərqində olduqları üçün bu deyilənlərə, verilən vədlərə inanmır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, erməni lobbisi növbəti dəfə aldanacaqlarının fərqindədir: “Məsələ ondadır ki, zaman-zaman ABŞ-da prezidentliyə namizədlər erməni lobbisinə müxtəlif şirnikləndirici vədlər veriblər. Ancaq prezident seçiləndən sonra o vədlər yaddan çıxıb. Bütün namizədlər erməni seçicilərin səsini qazanmaqdan ötrü hər seçki kampaniyasında bu taktikadan istifadə ediblər. 2020-ci ilin noyabrında keçirilən seçkilərdə ABŞ erməniləri Baydenə səs verdilər. Bayden 2021-ci ilin aprelində qondarma “erməni soyqırımını” tanıdı. Ancaq bu, hansısa hüququ anlam daşımadı. Üstəlik, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazilərini işğaldan azad etdiyi üçün ermənilər Baydenin bu qərarının sevincini yaşaya bilmədilər. Eyni zamanda Azərbaycan məhz Baydenin prezidentliyi dövründə antiterror əməliyyatları keçirərək Qarabağda suverenliyini tam bərqərar etdi. Məgər ABŞ buna mane oldu? Yox. Heç mane ola da bilməzdi. Çünki Azərbaycan beynəlxalq hüquqa dayanaraq, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin prinsiplərindən çıxış edərək suverenliyini təmin etdi. O baxımdan, Baydenin edə bilmədiyini Harris necə edə bilər ki? ABŞ erməniləri bütün bunların fərqində olduqları üçün bu deyilənlərə, verilən vədlərə inanmır. Harris ermənilərin səsini qazanmaqdan ötrü belə canfəşanlıq edir”.
Vidadi ORDAHALLI