AZ

3 ayda 3-cü sui-qəsd cəhdi

Donald Trampın düşməni kimdir?

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə daha da güclənməkdədir. Mübarizə keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp və indiki vitse-prezident, demokratların namizədi Kamala Harris arasında gedir.

Seçki kampaniyasının mühüm bir mərhələsində Donald Trampa qarşı növbəti - üçüncü sui-qəsd cəhdi olub. Belə ki, oktyabrın 12-də Kaliforniyada keçirilən mitinq zamanı bir şəxs silahla prezidentliyə namizədə yaxınlaşmağa cəhd edib. Las-Veqas sakini Vem Miller mitinqdə silah və saxta jurnalist vəsiqəsi ilə yaxalanıb və dərhal həbs edilib. ABŞ mediası yazır ki, Vem Miller 49 yaşındadır, mitinqdən təxminən dörddəbir mil məsafədə yerləşən bir yoxlama məntəqəsində saxta VIP keçid və saxta jurnalist kartları ilə tutulub. Polis araşdırması zamanı hadisənin Trampa qarşı sui-qəsd cəhdi olduğu şübhəsi irəli sürülüb. Lakin bu qəsd planı, erkən ifşa olunduğu üçün mitinq iştirakçılarına və ya Trampa birbaşa təsiri olmayıb.

Məsuliyyət kimin üzərindədir?

Qeyd edək ki, Trampa qarşı bundan əvvəl iki sui-qəsd cəhdi olub. İlk sui-qəsd cəhdi iyulun 14-də Pensilvaniya ştatının Batler şəhərində Trampın seçicilərlə görüşü zamanı baş vermişdi. Çıxışa başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb və o, qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk etmişdi. Tribunadan düşərkən onun qulağında qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsilə canlı yayımlanıb. Sui-qəsd zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Sui-qəsdi təşkil edən şəxs də hadisə zamanı zərərsizləşdirilib.

İlk sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl Donald Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verərək bildirmişdi ki, bu sui-qəsd Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuz fəaliyyəti idi və o, həmin gün təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb. Amma Donald Trampa qarşı sui-qəsddən sonra Demokratlar Partiyasının çoxsaylı üzvü Məxfi Xidmətin direktorunu istefa verməyə çağırıb. Kim Çitl Donald Trampa qarşı sui-qəsd hadisəsində xidmətin uğursuz fəaliyyətinə görə artan təzyiqlər fonunda iyulun 23-də vəzifəsindən istefa verdi.

Federal Təhqiqatlar Bürosu isə sui-qəsdi törədən silahlı şəxsin Metyu Kruks adlı gənc olduğunu bəyan edib. FTB müəyyən edib ki, hücumdan əvvəl Kruksun avtomobilində və evində partlayıcı qurğuların hazırlanmasında istifadə edilən kimyəvi maddələr olub, tədbirdən bir neçə saat əvvəl isə mitinq yerindən təxminən 600 fut məsafədə drondan istifadə edib. Sui-qəsdçi Trampın seçicilərlə görüşündə iştirak etmək üçün qeydiyyatdan da keçibmiş. Kruks Trampın çıxış etdiyi səhnədən təxminən 100 metr aralıdakı binanın damında gizlənərək prezidentliyə namizədə atəş açmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə onu zərərsizləşdirmişdilər.

Tramp qolf klubunda da hədəfə alınmışdı...

İkinci sui-qəsd cəhdi isə sentyabrın 15-də baş vermişdi. Belə ki, həmin gün Donald Trampın Floridada yerləşən qolf klubunun yaxınlığında atışma olub. Hadisə zamanı Donald Tramp klubda idi. İlkin məlumatda bildirilirdi ki, hadisə iki nəfərin bir-birinə atəş açması nəticəsində baş verib. Donald Trampın kampaniyası atışmadan dərhal sonra məlumat yayaraq, ona qarşı heç bir təhlükənin olmadığını bəyan edib.

Daha sonra ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) yaydığı məlumata görə, prezidentliyə namizəd Donald Tramp Floridada qolf klubu yaxınlığında sui-qəsdə cəhdin hədəfi olub. Qolf klubuna doğru atəş açan Rayan Uesli Rut saxlanılıb. FTB hadisənin motivinin aşkar edilməsi istiqamətində araşdırma aparır. “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Rut avtomatının lüləsini Palm-Biçdə (Florida ştatı-red) “Trump International Golf Club”un hasarından keçirib. Şübhəli şəxs Trampdan  270-450 metr aralıda olub. Xüsusi xidmət orqanlarının əməkdaşları onu kolların arasında gizlənərək içəri daxil olmağa çalışarkən saxlayıb və bu zaman həmin şəxs odlu silahdan istifadə edib. Onun gizləndiyi yerdə optik nişangahlı AK-47 avtomatı, iki çanta və “GoPro” kamerası aşkarlanıb.

Pensilvaniya ştatı ən böyük seçici sayına malikdir

Xatırladaq ki, oktyabrın 6-da Respublikaçılar Partiyasının ABŞ prezidentliyə namizədi Donald Tramp iyulda ona qarşı sui-qəsd cəhdi baş verdiyi yerdə seçicilərlə yenidən görüş keçirmişdi. O, Pensilvaniya ştatının Batler şəhərində kürsüdən çıxışı zamanı əvvəlcə seçiciləri ilə birlikdə iyul hadisəsində həyatını itirmiş Kori Kompratorun xatirəsini sükutla yad edib.

“Bu axşam o faciədən sonra Pensilvaniya sakinlərinə və Amerika xalqına sadə bir mesajı çatdırmaq üçün Batlerə qayıdıram. Amerikanı yenidən güclü etmək hərəkatımız daha güclü, daha qürurlu, daha mütəşəkkil, daha qətiyyətli və qələbəyə həmişəkindən daha yaxındır”, - deyə Tramp çıxışında bildirib. Bu görüşdən bir neçə gün sonra onun üçüncü dəfə sui-qəsd cəhdinə uğramasının təsadüfi olub-olmaması suallar doğurur. Nəzərə alaq ki, Pensilvaniya ABŞ-da ən böyük seçici sayına malik və prezident seçkilərində həlledici ştatlardan biridir.

Rəy sorğuları Trampın reytinqinin yüksəldiyini göstərir

Donald Tramp baş verən hadisələrin fonunda deyib ki, yenidən dövlət başçısı seçiləcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacaq. Onun sözlərinə görə, bu komissiya digər məsələlərlə yanaşı, keçmiş Amerika lideri Con Kennedinin qətli ilə bağlı qalan sənədləri də dərc edəcək.

Bundan əlavə Tramp hesab edir ki, ABŞ Milli Qvardiyası və ya ordu səsvermə günü baş verə biləcək iğtişaşlarla mübarizə aparmağa qadirdir. “Fox News” telekanalına müsahibəsində “Səsvermə günü problemlərin baş verəcəyini gözləyirmi” sualını cavablandıran siyasətçi bunun gəlmələrdən deyil, “daxili düşməndən” qaynaqlandığını bildirib. Donald Tramp öz prezidentliyi dövründə Minneapolis polisi tərəfindən Corc Floydun öldürülməsindən sonra başlayan iğtişaşların yatırılmasına hərbçiləri cəlb etmək niyyətində olsa da, bu barədə qərar verməyib. Prezidentliyə namizədin bu yanaşması təsadüfi deyil. Çünki ABŞ-da 1907-ci ildən qüvvədə olan qanun prezidentə iğtişaşlarla mübarizə aparmaq üçün Milli Qvardiyadan və hərbçilərdən istifadə etmək səlahiyyəti verir.

Bəs D.Trampa qarşı sui-qəsd cəhdləri prezident seçkiləri kampaniyasına necə təsir edə bilər? Bir çox ekspertlər hesab edirlər ki, bu hadisələr Trampın reytinqinin yüksəlməsinə səbəb olacaq. Nəzərə alaq ki, birinci sui-qəsd cəhdindən sonra hazırkı prezident Co Bayden seçki yarışından geri çəkilməyə məcbur oldu. Bu baxımdan, Trampa qarşı növbəti sui-qəsd cəhdinin demokratların indiki namizədi Kamala Harrisin də reytinqinə mənfi təsir edəcəyi gözləniləndir. Artıq bu, rəy sorğularında da özünü göstərir. Belə ki, Tramp seçicilər arasında dəstəyinə görə Demokratlar partiyasından olan rəqibi, vitse-prezident Kamala Harrisi iki faiz üstələyir. Bunu “Rasmussen Reports” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir. Sorğu iştirakçılarının 48 faizi noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı, 46 faizi isə Kamala Harrisi dəstəkləməyə hazır olduqlarını deyib. Respondentlərin 3 faizi isə onların heç birini dəstəkləmədiyini və başqa namizəd olarsa, ona səs verəcəklərini bildirib. “Rasmussen Reports” mərkəzinin əvvəlki sorğusu zamanı Donald Trampa dəstək 49 faiz, Kamala Harrisə dəstək isə 47 faiz olub.

N.BAYRAMLI

Seçilən
44
1
yeniazerbaycan.com

10Mənbələr