“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun bacısı Katya Aveyru jurnalistə irad bildirib.
Arena.az məlumat verir ki, Katya, Ronaldonun “Əl-Hilal”a mümkün keçidi ilə bağlı yazı paylaşmış jurnalistin dərcini şərh edərək, yazarı yazdığını pozmağa səsləyib:
“Sən nə yazırsan? O, futboldan sadəcə heç nə anlamır. Sən mənə zəng edə bilərdin və mən sənə bu klublar arasındakı rəqabət və bu keçidin ehtimalı barədə danışardım. Bütün bunları sil, hələ də vaxt var”, – Katya yazıb.
Xatırladaq ki, daha əvvəl “Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymarı əvəzləmək üçün, “Əl-Nəsr”dən Kristiano Ronaldonu satın almaq imkanını nəzərdən keçirdiyi haqda məlumat peyda olmuşdu.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 79 oyun, 68 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 216 oyuna 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.