“Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu, kapitan Kristiano Ronaldo onu qıcıqlandıran futbolçuların kimlər olduğunu açıqlayıb.
Arena.az Portuqaliya Futbol Federasiyasının (FPF) mətbuat xidmətinə istinadən məlumat verir ki, Portuqaliya futbolunun əfsanəsi Ronaldo, milli yığma komandada oynamaq istəməyən futbolçuların onun qıcıqlandırdığını etiraf etməklə yanaşı, onları öz ölkələrini təmsil etməyə səsləyib:
“Portuqaliya milli komandasında oynamaq istəməyən bəzi futbolçular məni qıcıqlandırırlar. Milli komandada oynamaqdan həzz alın, vaxt uçur! Ölkənizi və mədəniyyətinizi təmsil etməkdən gözəl heç nə yoxdur”, deyə “Kriş” qürurla vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 79 oyun, 68 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 216 oyuna 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.