Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan "Azərreyl" və UNEC komandaları arasında baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.
B qrupunda isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”ı 3:1 hesabı ilə üstələyib.
A qrupunda “Gəncə” 6 xalla birinci, "Azərreyl" 3 xalla ikinci olub. B qrupunda isə 5 xala malik “Abşeron” birinci, 4 xalı olan “Milli Aviasiya Akademiyası” ikinci yeri tutaraq yarımfinala yüksəliblər.
Qeyd edək ki, noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” - “Milli Aviasiya Akademiyası” və “Abşeron” - "Azərreyl" görüşləri keçiriləcək.